Azərbaycan Respublikası Hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya Ərəb Respublikasından 13 nəfər Azərbaycan vətəndaşının (6 qadın, 7 uşaq olmaqla) oktyabrın 6-da ölkəmizə repatriasiyası həyata keçirilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüşüblər.
Görüş zamanı ana və övladları ilə, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqlarla söhbət aparılıb, onların vəziyyəti öyrənilib, reabilitasiyası və hüquqlarının təmini ilə bağlı tövsiyələr verilib. Bununla yanaşı, repatriantlar ombudsmana müraciət imkanları barədə məlumatlandırılıb.
Görüşdə müəssisə rəhbərliyi tərəfindən Ombudsman təsisatının əməkdaşlarına repatriantlara göstərilən xidmətlər barədə məlumat verilib.
