Babək rayonunda mülki müdafiə təlimi keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Babək rayon Mərkəzi Xəstəxanasında “Təbii fəlakətlər zamanı kütləvi zədələnmə ocaqlarında xilasetmə işlərinin aparılması zamanı əhalinin və mülki müdafiə qüvvələrinin tibbi təminatının təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Nazirliyin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi Babək rayon Mərkəzi Xəstəxanasının fövqəladə hallara hazırlıq vəziyyətini yoxlamaq, rayon ərazisində ehtimal olunan fövqəladə hallar zamanı zədələnmə (zəhərlənmə) ocaqlarında həkiməqədərki və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üzrə tibb qüvvələrinə təcrübə qazandırmaq, “Xüsusi dövr”də xəstəxananın dayanıqlı işinin təmin edilməsi və işçilərin mühafizəsinin təşkili üzrə rəhbər, komandir-rəis heyətinin bacarığını təkmilləşdirməkdən ibarətdir.
Plana uyğun olaraq iki mərhələdə həyata keçirilən kompleks mülki müdafiə təlimində Babək rayon Mərkəzi Xəstəxanasının 15 nəfərdən ibarət yüksək hazırlıqlı travmatoloji, cərrahi və yanıq əleyhinə briqadaları, 26 nəfərdən ibarət obyekt mülki müdafiə dəstələri, 3 ədəd təcili tibbi yardım avtomobili, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ixtisaslaşdırılmış qurumlarının 7 nəfərdən ibarət komandir-rəis heyəti iştirak edib.