BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Vyana şəhərində səfərdədir.
Bu barədə NUHÇIXAN-a Milli Observatoriyadan məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti BMT-nin Vyana Nümayəndəliyində keçirilən Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzinin Baş Assambleya iclasında iştirak edib.
İclasda Avropa Mərkəzi tərəfindən sosial siyasət sahəsində görülən işlər təqdim olunub, gələcək tədqiqat istiqamətləri müzakirə edilib.
Elnur Səfərli tədbirin “Alətlər və metodlar – anlayışın dərinləşdirilməsi” sessiyasında çıxış edərək, ölkəmizdə sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan bəhs edib. Sosial müdafiə sisteminin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək bazarında şəffaflığın təmin olunması və inklüziv tədbirlərin həyata keçirilməsi sahələrində atılan mühüm addımlar diqqətə çatdırılıb.
İclas iştirakçılarına Milli Observatoriyanın fəaliyyəti haqqında da məlumat verilib. Qurum tərəfindən həyata keçirilən sorğular, təhlil istiqamətləri, təlim proqramları və sosial layihələrdən bəhs edilib.