Culfa rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 15-də Culfa Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə bildirib ki, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli çıxışı həm retrospektiv, həm də gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edir, eyni zamanda milli təhlükəsizlik və inkişaf doktrinasının başlıca konturlarını və qarşıda duran əsas vəzifələri müəyyənləşdirib. Əsas vəzifələr əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmasıdır.
Naim Cahidzadə rayonun sosial-iqtisadi həyatında əldə olunan uğurlardan, həyata keçiriləcək layihələrdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində qəbul edilən Dövlət proqramları, sərəncamlar və həyata keçirilən layihələr Culfa rayonunun da qarşıdakı dövr üçün inkişaf prioritetlərini müəyyənləşdirir. Bu mühüm sənədlərdərayonun kənd təsərrüfatı, yol, su, mənzil-kommunal, təhsil, nəqliyyat və digər sahələr üzrə infrastrukturunun yenilənməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsi üçün geniş imkanlar nəzərdə tutulub.
Sonra şəhid atası, Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbinin müəllimi Məhəmməd Nəcəfov, Culfa şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Gülnar Cəfərova, Saltaq kənd tam orta məktəbinin direktoru Sevinc Mustafayeva və Əlincəqala Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələr, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam düşüncəli, yüksək təhsilli, bacarıqlı kadrların yetişdirilməsi yönündəki məsələlər diqqətə çatdırılıb.
Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, Yeni Azərbaycan Partiyasının 1992-ci ilin noyabrında məhz Naxçıvanda təsis edilməsi siyasi tariximizin mühüm hadisəsidir. Ölkəmizin ağır sınaqlarla üzləşdiyi dövrdə Ümummilli Lider Heydər Əliyevin ətrafında formalaşan siyasi birlik sonrakı dövlət quruculuğunda mühüm rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasi xəttin ən böyük tarixi nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. Lakin qazanılmış uğurların qorunması da böyük məsuliyyət tələb edir. Prezidentin çıxışından irəli gələn mühüm nəticə budur ki, dövlətimizin gücünü qorumaq üçün təhlükəsizlik tədbirləri ilə yanaşı, iqtisadi müstəqillik, təhsil, insan kapitalı və dövlət institutlarının səmərəliliyi də daim gücləndirilməlidir. Məhz buna görə Naxçıvanın iqtisadi dayanıqlılığının artırılması, istehsal və investisiya imkanlarının genişləndirilməsi ümumdövlət siyasətinin mühüm tərkib hissəsidir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bölgənin inkişafı üçün sistemli çərçivə müəyyən edib. Proqram iqtisadi fəallığın yüksəlməsini, sahibkarlıq üçün daha əlverişli şəraitin yaradılmasını və infrastrukturun iqtisadi imkanlara çevrilməsini əsas hədəflər kimi müəyyən edir. Artıq konkret nəticələr də müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikada ümumi daxili məhsul 1 milyard 341 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən real ifadədə 3,5 faiz artıb. Sənaye məhsulu 411,6 milyon manat olmaqla, 7,2 faiz, kənd təsərrüfatı məhsulu 318,9 milyon manat olmaqla, 4,7 faiz artıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 238,2 milyon manata çatıb və real artım 37,4 faiz təşkil edib. Nəqliyyat və anbar təsərrüfatı xidmətlərində isə 17,4 faizlik artım qeydə alınıb. Rəqəmlər iqtisadi fəallığın artdığını göstərir.
Samir Seyidəhmədli bildirib ki, xüsusilə əsas kapitala investisiyaların yüksəlməsi yeni istehsal və xidmət sahələri üçün əlverişli zəmin yaradır. Ancaq sərmayənin həqiqi səmərəsi onun gələcəkdə istehsala, məhsuldarlığa və davamlı məşğulluğa verəcəyi töhfə ilə müəyyən olunacaq. Bu səbəbdən iqtisadi göstəricilərlə yanaşı, onların keyfiyyəti və uzunmüddətli təsiri də diqqətdə saxlanılmalıdır. 2023-cü ildən 2026-cı ilin 1 iyul tarixinədək muxtar respublikada 4 797 yeni iş yeri açılıb, 359 istehsal və xidmət sahəsinin yaradılması başa çatdırılıb. Eyni dövrdə 342 sahibkarlıq layihəsinə 27,2 milyon manat güzəştli kredit verilib. Sahibkarlığa dəstəyin davamı olaraq müəssisələrin fəaliyyət imkanlarının genişləndirilməsi, qarşıya çıxan inzibati çətinliklərin aradan qaldırılması və rəqabətqabiliyyətli istehsalın təşviqi vacibdir.
Vurğulanıb ki, Prezident İlham Əliyevin 2026-cı il 12 avqust tarixli Sərəncamı ilə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə, ümumilikdə, 258 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu qərar enerji və yol infrastrukturunun inkişafı, ictimai nəqliyyatın yenilənməsi, məktəbəqədər təhsil müəssisələrinin tikintisi, yaşayış binalarının və istilik təsərrüfatının təmiri, Naxçıvan Dövlət Universitetinin infrastrukturunun gücləndirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Ümumi uzunluğu 420 kilometr olan yolların əsaslı təmirinin nəzərdə tutulması kəndlərlə şəhər və rayon mərkəzləri arasında əlaqələrin yaxşılaşdırılması və kənd təsərrüfatı məhsullarının bazarlara çıxışının asanlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Səlahiyyətli nümayəndənin müavini diqqətə çatdırıb ki, kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyan su təminatının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası xüsusi diqqət tələb edir. Naxçıvanın gələcək iqtisadi inkişafında enerji, sənaye, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələri bir-birini tamamlamalıdır. Yeni infrastruktur yalnız mövcud problemləri aradan qaldırmamalı, həm də sahibkarlıq və investisiya üçün yeni imkanlar yaratmalıdır. Bu qərarlar muxtar respublikanın inkişafı üçün mühüm maddi zəmin yaradır. Dövlət tərəfindən yaradılmış bu imkanlar qarşısında əsas məsuliyyət qəbul edilmiş qərarların vaxtında, keyfiyyətlə icrasına və həmin qərarların vətəndaşların həyatında real nəticələr verməsinə nail olmaqdır. Bu baxımdan, müvafiq qurumlar öz səlahiyyətləri çərçivəsində layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, mövcud koordinasiya mexanizmlərindən səmərəli istifadəyə və nəticələrin düzgün qiymətləndirilməsinə xüsusi diqqət yetirməlidirlər. Eyni tələb vətəndaşlarla münasibətlərdə də özünü göstərməlidir. Müraciətə cavab vermək kifayət deyil, qaldırılan problemin həlli istiqamətində görülmüş işlər də aydın olmalıdır. Xüsusilə kəndlərdə suvarma və içməli su, yol, məşğulluq və sosial xidmətlərlə bağlı ehtiyaclar yerində öyrənilməli, aidiyyəti qurumlarla birgə real həll yolları müəyyən edilməlidir. İctimaiyyətlə əlaqələr formal tədbirlərlə məhdudlaşmamalı, gündəlik idarəetmənin tərkib hissəsinə çevrilməlidir.
Qeyd edilib ki, Prezidentin çıxışında milli və ideoloji təhlükəsizlik məsələləri də mühüm yer tutur. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi şəraitdə gənclərin tənqidi düşünmə, məlumatı təhliletmə və etibarlı mənbələri fərqləndirmə bacarıqlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Burada müəllimlərin, ziyalıların, ailələrin və ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Bu gün vətənpərvər gənc yalnız öz tarixini bilən deyil, həm də yaxşı təhsil alan, müasir texnologiyalara yiyələnən, milli dəyərlərinə bağlı olan və ölkəsinin inkişafına töhfə verməyə hazır vətəndaşdır. Bilikli və məsuliyyətli gəncliyin yetişdirilməsi ölkəmizin gələcək gücünün mühüm təminatıdır.
Samir Seyidəhmədli qeyd edib ki, Prezidentin VIII Qurultayda müəyyən etdiyi istiqamətlər hər kəsi bir həqiqət ətrafında birləşdirir: siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır. Naxçıvanda əldə olunan nəticələrin növbəti mərhələdə daha güclü istehsal potensialına, daha geniş işgüzar imkanlara və səmərəli idarəetmə təcrübəsinə çevrilməsi qarşıda duran mühüm vəzifədir. Naxçıvan Azərbaycanın dövlətçilik tarixində mühüm iz qoymuş bir diyardır. İndi bu tarixi irsin davamı olaraq onun müasir iqtisadi inkişafda da mövqeyini gücləndirmək üçün geniş imkanlar mövcuddur. Əsas məqsəd bu imkanları davamlı tərəqqiyə xidmət edən nəticələrlə möhkəmləndirməkdir.