Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində kütləvi profilaktik müayinələri davam etdirir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin terapevt, pediatr, nevropatoloq, kardioloq və laborantlardan ibarət həkim briqadası Kəngərli rayonunun Çalxanqala kənd həkim ambulatoriyasında 48 nəfəri tibbi müayinədən keçirib. Bir nəfər ağır xəstəyə ev şəraitində tibbi yardım göstərilib. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb. Kənd üzrə endokrinoloji, nevroloji və digər xəstəliklər üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilib. Əhali arasında müxtəlif xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılıb, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib. Peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodiki kömək göstərilib.
Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası isə Şahbuz rayonundakı Aşağı Qışlaq kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.
Pediatr, nevropatoloq, ginekoloq, endokrinoloq həkim rezident və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 25 nəfər uşağa tibbi xidmət göstərib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. Valideynlər arasında səhiyyə maarifi işi aparılıb. Uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodiki köməklik göstərilib.