NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə “Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib.
Təlimdə şagirdlərə slaydlar vasitəsi ilə “Büdcə anlayışı,” “Ailə büdcəsi”, “Məktəbli büdcəsi” haqqında geniş məlumat verilib.
Bildirilib ki, hər bir şagird öz büdcəsinə nəzarət etməli, gəlir və xərclərin planlaşdırmasına diqqəti artırmalıdır.
Tədbirin interaktiv hissəsində interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb. Məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb.
Sonda məktəbin kitabxanasına “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən kitablar, şagirdlərə hədiyyələr təqdim olunub.
“Büdcə anlayışı” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.
Novruz Məmmədov