NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib. Tədbirdə universitetin rektoru Saleh Məhərrəmov bu cür tədbirlərin tələbələrin gələcək perspektivlərinin formalaşmasındakı rolundan danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev vurğulayıb ki, ötən müddət ərzində universitetin hamiliyə verilmiş ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirilib, onlara muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən broşür, kitab, kataloq kimi əyani vəsaitlər verilib. Qeyd edilib ki, nazirliyin fəaliyyət istiqamətlərini əks etdirən 50 mövzu üzrə mühazirələrin oxunub, tələbələrin yay istehsalat təcrübələrinin təşkili üçün müvafiq müəssisələrlə tanışlıqlar olub. Aprel ayında Naxçıvan Biznes Mərkəzində nazirliyin əməkdaşlarının, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetinin müəllim, bakalavr, magistr və doktorantlarının iştirakı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən iqtisadi siyasətə təsir təhlilərinin qiymətləndirilməsi, Biznes Planlarının işlənməsi mövzuları üzrə 3 günlük seminar keçirilib və seminarın sonunda 120 nəfər iştirakçıya sertifikat təqdim olunub.
Nazirliyin investisiyaların təşviqi və ixraca dəstək şöbəsinin mütəxəssisi Rəmzi Əlizadə startap nədir, təqdim olunan layihələrin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi, startapın stimullaşdırılması, maliyyələşdirilməsi və beynəlxalq təcrübə mövzusunda çıxış edib.
Sonda tələbə və müəllimlərin sualları cavablandırılıb.
Səadət Əliyeva