Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb

A- A A+

Mayın 20-də Milli Məclisdə müxtəlif komitələri təmsil edən bir qrup deputatla UNICEF-in nümayəndə heyətinin görüşü olub.

Parlamentin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, görüşdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.

Görüşü əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev açıb.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ölkəmizdə əlilliyi olan uşaqlarla bağlı səmərəli tədbirlərin həyata keçirildiyini məmnunluqla vurğulayıb, 2017-ci ilin dekabrında qəbul olunmuş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyətini yüksək dəyərləndirib. Bildirib ki, inklüziv təhsilin genişləndirilməsi üçün təhsillə bağlı qanunvericilik aktlarına müəyyən dəyişikliklər olunmasına ehtiyac var.

Görüşdə inklüziv təhsil üzrə beynəlxalq ekspert Piter Qrayms UNICEF və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “İnklüziv təhsilin genişləndirilməsi” layihəsi barədə ətraflı məlumat verib, tövsiyələri diqqətə çatdırıb. Qeyd edib ki, bu proqram üzərində iki ildən çoxdur Təhsil Nazirliyi ilə birgə işlər gedir. BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə onların bilik göstəriciləri daha yüksək olur.

Fikir mübadiləsində elm və təhsil komitəsinin üzvü Sona Əliyeva, ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova, səhiyyə komitəsinin üzvü İlham Məmmədov, insan hüquqları komitəsinin üzvü Əflatun Amaşov, həmçinin əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev məsələyə münasibətlərini bildiriblər. Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasına dövlət səviyyəsində ayrılan diqqət, imzalanan fərman və sərəncamlar, qəbul edilən qanunlar və dövlət proqramları barədə qonaqlara geniş məlumat veriblər.

UNICEF təmsilçiləri inklüziv təhsilin tətbiqi sahəsində Milli Məclisin və Azərbaycan hökumətinin gördüyü işləri bir daha razılıqla vurğulayıblar.

Milli Məclisin deputatları qeyd ediblər ki, Azərbaycan parlamenti tərəqqiyə xidmət edən istənilən məsələnin müzakirəsində və həllində əməkdaşlığa hazırdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: