Ordubad rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 16-da Ordubad Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Prezident İlham Əliyevin VIII Qurultaydakı proqram xarakterli çıxışının ölkəmizin keçdiyi inkişaf yolunu, əldə olunan nailiyyətləri, qarşıdakı dövrün siyasi-strateji istiqamətlərini və milli təhlükəsizlik məsələlərini əhatə etdiyini bildirib. Qeyd olunub ki, qarşıda duran əsas vəzifələr əldə edilmiş nəticələrin qorunması, ölkənin davamlı inkişafının təmin edilməsi, müstəqilliyin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrə qarşı dayanıqlılığının artırılmasıdır.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsi Azərbaycanın iqtisadi və hərbi potensialının güclənməsinə, ərazi bütövlüyünün və suverenliyinin bərpasına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə imkan verib.

Ordubad rayonunun sosial-iqtisadi inkişafına toxunan Nurlan Hacıyev bildirib ki, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji təminatının yaxşılaşdırılması, su ehtiyatlarından səmərəli istifadə və əhalinin kommunal xidmətlərə əlçatanlığının artırılması istiqamətində mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 avqust tarixli Sərəncamı çərçivəsində Ordubad rayonunda 15,6 MVt gücündə Tivi su elektrik stansiyasının tikintisinin davam etdirilməsi, Ordubad şəhərinin və Dəstə kəndinin daxili yollarının, eləcə də Bilə-Bist-Ələhi-Xurs-Nürgüt-Tivi-Nəsirvaz avtomobil yolunun təmiri planlaşdırılır. Bu layihələrin 9 yaşayış məntəqəsində, ümumilikdə, 20 min nəfərə yaxın əhalinin yol infrastrukturunun yaxşılaşdırılmasına töhfə verəcəyi bildirilib.

Bununla yanaşı, Ordubad şəhərində 7 çoxmənzilli yaşayış binasının əsaslı təmiri, 8 qazanxananın yaşayış binalarından kənara çıxarılması və Dəstə kəndində 100 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulur. Su təminatının yaxşılaşdırılması istiqamətində isə nasos stansiyalarının təmiri və tikintisi, suvarma kanallarının beton üzlüklə örtülməsi, Ordubad şəhərində sutəmizləyici qurğunun bərpası və kəndlərdə subartezian quyularının qazılması planlaşdırılır.

Nurlan Hacıyev müasir dövrdə ideoloji təhlükəsizliyin milli təhlükəsizliyin mühüm tərkib hissəsi olduğunu vurğulayaraq xarici təsirlərə, dezinformasiyaya və ideoloji təxribat cəhdlərinə qarşı maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Xüsusilə uşaqların və gənclərin təhsil hüququnun qorunması, onların vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığının artırılması və sağlam dünyagörüşünün formalaşdırılması mühüm vəzifələr kimi qeyd olunub.

Sonra Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov, Ordubad rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları Veteranları Təşkilatının sədri Fərrux Nağızadə və Dəstə kənd Bələdiyyəsinin sədri Tofiq Babayev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələr, gənclərin vətənpərvərlik tərbiyəsi, təhsilin inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi və milli-mənəvi dəyərlərin qorunması məsələlərinə toxunulub.

Müşavirəyə yekun vuran Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının ölkəmizin gələcək inkişaf istiqamətlərini və qarşıda duran prioritet vəzifələri müəyyənləşdirdiyini bildirib. Vurğulanıb ki, əldə olunan nailiyyətlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi və milli təhlükəsizliyin bütün istiqamətlər üzrə gücləndirilməsi ardıcıl fəaliyyət tələb edir.

Səlahiyyətli nümayəndə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində, ərazi bütövlüyünün və suverenliyinin bərpasında, habelə regionda yeni reallıqların formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, D-8 təşkilatına üzvlüyü və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi ölkəmizin artan nüfuzunun göstəriciləri kimi dəyərləndirilib.

Ceyhun Cəlilov çıxışında iqtisadi və enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, investisiyaların cəlbi və sosial rifahın yüksəldilməsi məsələlərinə də toxunub. Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatlarının 2,6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlarının isə 3 trilyon kubmetr olduğu bildirilib. Azərbaycan qazını alan ölkələrin sayının 16-ya çatması, onlardan 10-nun Avropa İttifaqının üzvü olması ölkəmizin beynəlxalq enerji təhlükəsizliyindəki rolunun göstəricisi kimi qeyd edilib. Tranzit yükdaşımalarının orta müddətdə 30 milyon tona çatdırılması hədəfinin və Zəngəzur dəhlizinin imkanlarının Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyini daha da gücləndirəcəyi vurğulanıb.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf göstəricilərini diqqətə çatdıran səlahiyyətli nümayəndə bildirib ki, muxtar respublikada ümumi daxili məhsul 3,5 faiz artıb. Sənaye məhsulu istehsalı 7,2 faiz artaraq 412 milyon manata, kənd təsərrüfatı məhsullarının istehsalı 4,7 faiz artaraq 319 milyon manata çatıb. Əsas kapitala yönəldilən investisiyalar 37 faiz artaraq 238 milyon manat təşkil edib. Qeyri-dövlət sektoruna investisiyalar 43 faiz artaraq 137 milyon manata, məhsul istehsalı sahələrinə yönəldilən investisiyalar isə 2,3 dəfə artaraq 116 milyon manata çatıb.

Bildirilib ki, əhalinin banklardakı əmanətləri 46 faiz artaraq 48 milyon manata, pərakəndə ticarət dövriyyəsi 2,6 faiz artaraq 1,14 milyard manata yüksəlib. Xarici ticarət dövriyyəsi 67 faiz artaraq 156 milyon ABŞ dolları təşkil edib, ixracın 2,8 dəfə artması muxtar respublikanın iqtisadi imkanlarının genişlənməsini göstərib.

Qeyd olunub ki, Naxçıvanın sosial-iqtisadi inkişafına, sənaye və enerji infrastrukturunun yenilənməsinə, su təminatının yaxşılaşdırılmasına, kənd təsərrüfatı və turizmin inkişafına dair qəbul edilmiş Dövlət proqramları yeni imkanlar yaradır. Əsas vəzifə həmin imkanları konkret layihələrə, yeni istehsal sahələrinə, dayanıqlı məşğulluğa və əhalinin gəlirlərinin artmasına çevirməkdir.

Ceyhun Cəlilov müasir dövrdə milli təhlükəsizliyin hərbi güclə məhdudlaşmadığını, informasiya və ideoloji təhlükəsizliyin, kibertəhlükəsizliyin, saxta məlumatlara və təxribat cəhdlərinə qarşı mübarizənin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Bu baxımdan, təhsil və maarifləndirmə işinin gücləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, ölkədə gedən proseslər və dövlət siyasəti barədə həqiqətlərin əhaliyə düzgün çatdırılması vacib vəzifələr kimi diqqətə çatdırılıb.

Səlahiyyətli nümayəndə yerli icra nümayəndəliklərinin və bələdiyyələrin ailələrlə birbaşa təmaslarının gücləndirilməsinin, vətəndaşların müraciət və problemlərinə həssas yanaşılmasının, zəruri hallarda hüquqi, psixoloji və sosial dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb. Təhsil müəssisələrinin uşaqların təhsil hüququnun qorunması və valideynlərlə maarifləndirici işin aparılması istiqamətində məsuliyyəti qeyd olunub. Bütün tədbirlərin qanunvericiliyə uyğun, vətəndaşların hüquq və qanuni mənafeləri qorunmaqla həyata keçirilməli olduğu bildirilib.

Çıxışının sonunda Ceyhun Cəlilov Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin icrasının hər bir dövlət qurumundan, partiya üzvündən və vətəndaşdan məsuliyyətli yanaşma tələb etdiyini bildirib. Qeyd olunub ki, qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməli, ayrılan vəsaitlər səmərəli istifadə olunmalı, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və Naxçıvanın davamlı inkişafı naminə bütün imkanlar səfərbər edilməlidir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: