Füzuli şəhərinin tarixi, mədəni irsi və müasir inkişafı

A- A A+

Füzuli Azərbaycan tarixinin müxtəlif mərhələlərini özündə yaşadan, zəngin tarixi-mədəni irsi, əlverişli coğrafi mövqeyi, qədim yaşayış ənənələri və çoxqatlı milli-mənəvi yaddaşı ilə seçilən mühüm məkanlardan biridir. Onun tarixi Azərbaycan xalqının keçdiyi mürəkkəb ictimai-siyasi proseslərin, işğal və dağıntıların, milli iradənin, Zəfərin və Böyük Qayıdışın mühüm səhifələrini əks etdirir. Bu baxımdan bölgənin keçmişi Azərbaycan tarixinin müxtəlif dövrlərini bir araya gətirən zəngin yaddaş salnaməsidir.

Bu əraziyə sadəcə coğrafi məkan və ya hərbi-strateji əhəmiyyət daşıyan bölgə kimi yanaşmaq onun tarixi və mədəni mahiyyətini tam ifadə etmir. Bura, hər şeydən əvvəl, bir yaddaş məkanıdır. Burada tarixi keçmişin izləri, maddi və mənəvi irs nümunələri, dini-mənəvi dəyərlər, nəsillərin yaşadığı talelər, xalqın yaddaşında qorunan xatirələr və milli kimlik duyğusu sıx vəhdət təşkil edərək məkanın bütöv tarixi-mədəni simasını formalaşdırır. Şəhərin azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməklə yanaşı, uzun illər ərzində dağıdılmış və zədələnmiş tarixi-mədəni mühitin yenidən dirçəldilməsi, milli yaddaşın qorunması, insanların doğma yurda qayıdışının gerçəkləşdirilməsi və həmin məkanda sosial-mədəni həyatın yeni əsaslar üzərində bərpası baxımından mühüm və tarixi bir mərhələnin başlanğıcını qoymuşdur. Rayonun coğrafi mövqeyi onun tarixinin və təsərrüfat həyatının formalaşmasında mühüm rol oynamışdır. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan geniş ərazi Quruçay, Köndələnçay və Çərəkən çaylarının təsiri ilə özünəməxsus təbii-coğrafi xüsusiyyətlər qazanmışdır. Əlverişli təbii şərait qədim dövrlərdən etibarən burada yaşayış məskənlərinin yaranmasına, müxtəlif təsərrüfat sahələrinin və mədəni fəaliyyət formalarının inkişafına imkan vermişdir.

Bölgənin tarixi yaddaşında şəhərin və inzibati ərazinin adının dəyişdirilməsinin də xüsusi yeri vardır. Şəhərin əsası 1827-ci ildə Qarabulaq yaşayış məskəni əsasında qoyulmuş, 1930-cu ildə rayon təşkil edilmiş və Qaryagin adlandırılmışdır. 1959-cu ildə isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bu dəyişiklik məkanın adını Azərbaycan klassik ədəbiyyatının qüdrətli nümayəndələrindən biri ilə bağlamış və həmin adın şəhərin mədəni kimliyinin mühüm ifadəsinə çevrilməsinə şərait yaratmışdır. Ərazi işğaldan əvvəl müxtəlif dövrlərə aid zəngin tarixi-dini abidələri və memarlıq nümunələri ilə seçilirdi. Babı kəndində XIII əsrə aid səkkizguşəli Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsrlərə aid qəbirüstü abidələr, eləcə də XIX əsrə aid Cəlil türbəsi bölgənin çoxqatlı mədəni irsinin mühüm nümunələri sırasında yer alırdı. Hər bir tikili və maddi mədəniyyət nümunəsi onu yaradan cəmiyyətin dünyagörüşü, estetik düşüncəsi və sənətkarlıq bacarıqları haqqında məlumat verir. Uzunmüddətli işğal yaşayış məntəqələrinin fiziki simasının dəyişməsinə, burada formalaşmış tarixi-mədəni mühitin pozulmasına səbəb oldu. 23 avqust 1993-cü ildə şəhər və rayonun böyük hissəsi işğal edildi, əhali doğma evlərini tərk etmək məcburiyyətində qaldı. Müharibə nəticəsində çoxsaylı insan həlak oldu, rayon sakinləri şəhidlər verdilər. 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun 22 yaşayış məntəqəsi azad edilsə də, ərazinin böyük hissəsi 2020-ci ilədək işğal altında qaldı.

17 oktyabr 2020-ci ildə şəhər və rayonun digər yaşayış məntəqələrinin işğaldan azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində aparılan hərbi əməliyyatların mühüm nəticələrindən biri oldu. Bu qələbə ilə ərazinin tarixində hərbi mübarizədən quruculuğa, məcburi köçkünlükdən doğma yurda qayıdışa doğru yeni bir mərhələ başladı. Azadlıqdan sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin və rayonun hərtərəfli bərpası, burada təhlükəsiz və müasir yaşayış mühitinin yaradılması oldu. Yenidənqurma prosesi dağıdılmış infrastrukturun bərpasını, sosial, iqtisadi və mədəni əsasların formalaşdırılmasını əhatə edir. İnsanların doğma torpağa qayıtması təkcə mənzil və yol təminatı ilə məhdudlaşmır; qayıdışın davamlı olması üçün təhsil, mədəniyyət, sosial xidmətlər və məşğulluq imkanları da paralel şəkildə inkişaf etdirilir. Yeni şəhər mühitinin diqqət çəkən xüsusiyyətlərindən biri də onun beynəlxalq dostluq və humanitar əməkdaşlıq məkanına çevrilməsidir. Azərbaycanla qardaşlıq münasibətləri ilə seçilən Özbəkistan və Qazaxıstanın burada həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır: Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına orta məktəb təhsil, elm, kitabxana, idman və yaradıcılıq imkanlarını bir araya gətirən müasir təhsil mühiti kimi formalaşdırılmışdır. Qazaxıstan tərəfindən yaradılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına və mədəni fəaliyyətə geniş imkanlar açır.

Müasir şəhər anlayışı təkcə binalar və nəqliyyat infrastrukturu ilə məhdudlaşmır. Şəhərin əsl simasını onun sakinləri, sosial münasibətləri, tarixi yaddaşı və mədəni mühiti müəyyənləşdirir. Gələcək inkişafda rəqəmsal texnologiyalardan istifadə də mühüm istiqamətlərdən biridir. Tarixi abidələrin rəqəmsal pasportlaşdırılması, elektron arxivlərin yaradılması, virtual ekspozisiyaların hazırlanması və şifahi tarix nümunələrinin sistemləşdirilməsi keçmişin gələcək nəsillərə çatdırılması üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabrın Füzuli şəhəri günü elan olunması bu tarixi hadisənin dövlət səviyyəsində yaddaşlaşdırılmasının parlaq ifadəsidir. Şəhər günü təkcə hərbi Zəfərin xatırlanması deyil, həm də xalqımızın öz tarixi torpaqlarına bağlılığını, dağıntıdan quruculuğa keçidi və gələcəyə inamı ifadə edir. Bu gün Füzulidə keçmişlə gələcək qovuşur: bir tərəfdən qədim türbələr və milli yaddaş izləri, digər tərəfdən isə yeni yollar, müasir məhəllələr, təhsil ocaqları dayanır. Şəhərin həqiqi bərpası onun daşını və torpağını yeniləməklə bitmir; əsas məqsəd həmin məkanda həyatın, mədəniyyətin və insan münasibətlərinin yenidən canlandırılmasıdır.

 

Əhmədova Gülxarə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: