Söz adlı dünyanın işığında... - FOTOLAR
Adını əvvəllər də eşitmişdim. Tədqiqat yazılarında, onunla eyni dövrdə çalışmış qələm dostlarının xatirələrində adı dönə-dönə çəkilirdi. Şəxsiyyəti, ziyalılığı, sözə və mətbuata bağlılığı haqqında çox yazılar oxumuşdum. Amma imzası ilə ilk dəfə “Şərq qapısı” qəzetinin zamanın saraltdığı səhifələrində üz-üzə gəldim. Bir neçə il bundan əvvəl – qəzetin 100 illik yubileyi münasibətilə hazırlanacaq elmi əsər üçün yazıların seçilməsində mən də iştirak edirdim. Onlarla kişi imzanın arasında onun adı, imzası bir işıq kimi parlayırdı sanki. Yazılarında hadisələrə cəsarətli və sayıq baxışı, ən başlıcası isə bir qadının söz meydanında özünəməxsus, sanballı qələm sahibi kimi görünməsi məni elə ilk gündən öz təsiri altına aldı. Hiss edirdim ki, qarşımdakı sıradan bir imza deyil. Bu ad ömrünü mətbuata həsr etmiş fədakar bir insanın sözə çevrilmiş izləridir.
Onunla illər sonra telefon vasitəsilə həmsöhbət olduq. Səsinin titrəməsindən hiss edirdik ki, çox həyəcanlıdır. Axı necə həyəcanlanmasın? 91 yaşlı qələm sahibi 105 yaşlı söz çinarına müsahibə verirdi. O, 26 il zərif əllərini bu qəzetin səhifələrində gəzdirmiş, dərc olunan hər bir yazıya yeni həyat bəxş etmişdi. Haqqında sizə söhbət açdığım bu şəxsiyyət ömrünün 26 ilini sözə, qəzetə, jurnalistikanın keşiyində dayanmağa həsr etmiş Sənubər xanım idi. İmzasını Azərbaycan mətbuatına həkk etmiş görkəmli jurnalist, folklorşünas-alim Sənubər Kərimova...
Kəngərlilər nəslinin layiqli davamçılarından biri olan Sənubər xanım 1935-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olunub. 1959-cu ildə universiteti bitirib doğma Naxçıvana qayıdıb və “Şərq qapısı” qəzetinin redaksiyasında ədəbi işçi kimi fəaliyyətə başlayıb. Qısa müddətdə şöbə müdiri, redaktor müavini və baş redaktor vəzifələrinə qədər yüksəlib. Həmin il SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunması onun peşəkar jurnalist kimi respublika miqyasında tanındığını göstərirdi.
Sənubər Kərimova jurnalistikanın, demək olar ki, bütün janrlarına müraciət edib. Xüsusilə oçerk janrında qələmə aldığı yazılar onun müşahidəçiliyini, canlı təsvir qabiliyyətini, insan taleyinə həssas münasibətini və publisistik düşüncəsini əks etdirirdi. Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, həmin dövrdə “Şərq qapısı”nda dərc olunan oçerklər Azərbaycan mətbuatında bu janrın ən yaxşı nümunələri sırasında qiymətləndirilməyə layiqdir.
Sənubər xanımın Böyük Vətən müharibəsinin iştirakçısı olmuş naxçıvanlı qadınlar haqqında yazdığı silsilə oçerklər də xüsusi əhəmiyyət daşıyır. Oçerklərinin birində həmvətənlərinə müraciət edərək yazırdı: “Sayıq olun, insanlar, sayıq olun! Sayıq olun ki, ailələri yurdsuz-yuvasız, anaları oğulsuz, körpələri yetim qoyan qanlı müharibələr bir daha təkrar olunmasın!”
Bu sözlər, hər şeydən əvvəl, onun müharibə illərində keçirdiyi uşaqlıq ağrılarının yazıya çevrilmiş ifadəsi idi. Çünki Sənubər xanım da bir çoxları kimi o illərdə həyatın acı məhrumiyyətlərinin şahidi olub. Telefon söhbətimizdə həmin günlərdən danışarkən çox təsirli bir hadisəni də xatırladı. Hətta xatirəni yada salarkən kövrəldi də. Deyir ki, Böyük Vətən müharibəsinin odlu-alovlu günləri idi. İbtidai sinifdə oxuyurdum. Günlərin birində nənəm məni duz üçün qonşuya göndərdi. Ünvana çatanda gördüm ki, oğlundan qara kağız alan qonşumuzun ah-naləsi sanki ərşi titrədir. Özümü saxlaya bilmədim, mən də anaya qoşulub ağladım. Bir qədər sonra həmin günün acı mənzərəsi qələmimdə misralara çevrildi:
Ananın bu halına mən ürəkdən yanıram,
Bir anlığa özümü mən də ana sanıram.
Qəlbimdən bir səs gəlir: “Müharibə olmasın!”
Qoy nişan üzükləri sandıqlarda qalmasın.
Sənubər xanım ömür kitabına həkk olunmuş bu acı xatirənin yükünü ilk vaxtlar şeirə, daha sonralar isə məqalələrə, oçerklərə çevirdi. Uşaqlıq illərində yaşadığı hadisələr onun sonrakı həyatında milli-mənəvi və əxlaqi-ictimai dəyərlərə bağlılığının əsasını təşkil etdi. Onun jurnalistlik və redaktorluq fəaliyyəti də ağır və məsuliyyətli illərə təsadüf edirdi. Çap texnikasının zəifliyi, qəzetin çətin iş prinsipi, bir yazını səhifəyə yerləşdirmək üçün saatlarla çalışmaq həmin dövrün mətbuatının üzləşdiyi çətinliklərdən xəbər verirdi.
Sənubər xanımın redaktorluğu dövründə “Şərq qapısı” yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan KP MK-nın 25 sentyabr 1979-cu il tarixli qərarı ilə qəzet “Sovet Naxçıvanı” adlandırılıb. 1980-ci ildən onun rus dilində 5000 tirajla “Sovetskaya Naxiçevan” adlı dublikatı da nəşrə başlayıb. Beləliklə, Sənubər Kərimovanın jurnalist kimi fəaliyyətinin ən çətin və məsuliyyətli illəri də başlayıb.
Görkəmli jurnalistin qızı Təranə xanım uşaqlıq illərindən söhbət açaraq deyirdi: “Anamın istirahət günü yadıma gəlmirdi. Tədbirlərdə mütəmadi iştirak etdiyi üçün qəzet materiallarını işdə oxumağa vaxtı olmazdı. Gətirib evdə oxuyardı. Biz yatardıq. Səhər oyanıb dərsə, işə gedəndə anamızı iş üstündə görərdik. Gözlərindən yuxu, yorğunluq tökülərdi. Onun bu halına adət etmişdik...”
Sənubər Kərimova ömrünün 26 ilini “Şərq qapısı” qəzetinə həsr edib. Ona müxtəlif vəzifələr təklif olunsa da, qələmə və jurnalistikaya olan sevgisinə görə mətbuatdan ayrılmaq istəməyib. Lakin savadlı və peşəkar kadra ehtiyac yarandığından o, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Təminat nazirinin birinci müavini, daha sonra isə Sosial Təminat naziri təyin olunub. Bu vəzifələrdə 1985-ci ildən 2000-ci ilədək çalışıb. Sənubər xanım həmin illəri belə xatırlayır: “O illərdə nazirlik cəmiyyətin ən ağrılı yeri idi. Kasıb-kusub, əlsiz-ayaqsız, bir sözlə, köməyə ehtiyacı olan təbəqə bizə müraciət edirdi. Adamları razı salmaq üçün əlimdən gələni edirdim. Bu, hər şeydən əvvəl mənim vəzifəm və vətəndaşlıq borcum idi. Xatırlayıram ki, o zamanlar əmək stajı olmayana pensiya düşmürdü. Nazir olsam da, hərdən ayın axırında borc alır, imkansız ailələrə köməklik etməyə çalışırdım”.
Sənubər xanım həyat yolunda çoxlu məhrumiyyətlərlə üzləşib. Qayğısız uşaqlığında yaşadığı ağır günlər sonrakı illərində də özünü göstərib. Həyat yoldaşı Tofiq Vəkilovun 38 yaşında vaxtsız ölümü onun həyatında əbədi bir nisgil kimi qalıb. Bu ağır itkidən sonra Sənubər xanım övladlarını böyük çətinliklərlə böyüdüb, onların təhsili və xoşbəxtliyi üçün bütün gücünü səfərbər edib. Bu gün həmin çətin illərin bəhrəsini görür. O, övladlarının himayəsində, firavanlıq içində yaşayır. Yaşı 90-ı haqlasa da, zaman onun yaddaşından gənclik illərinin izlərini silməyib. Söhbət əsnasında xatirələrin birindən digərinə keçir: gah uşaqlıq çağlarının kövrək mənzərələrini yada salır, gah tələbəlik illərinin həyəcanlı günlərinə qayıdır. Danışdıqca sanki illər aradan çəkilir, keçmiş bu günə boylanır.
Sənubər xanım ömrünün müxtəlif mərhələlərində qazandığı uğurların təməlində bir qüvvənin – sözün dayandığını söyləyir. Onun üçün söz həm peşə, həm həyat yolu, həm də ömrünü mənalandıran mənəvi dəyər olub. Bu il doğma “Şərq qapısı” qəzetinin 105 illik yubileyini qeyd etdiyini xatırlayan Sənubər xanımın səsində illərin o tayından gələn bir doğmalıq da duyulur. Bir vaxtlar ömrünün ən məhsuldar illərini həsr etdiyi qəzetə bu gün 91 yaşlı qələm sahibi ürək sözlərini və təbriklərini çatdırır: “Şərq qapısı” – kaş biləydiniz ki, bu söz mənim üçün necə böyük məna daşıyır. Mən ömrümün 26 ilini bu qəzetə həsr etmişəm. İllər yalnız ömürdən getməyib. “Şərq qapısı” yolunda saçımın ağını, gözümün nurunu, qələmimin mürəkkəbini, ürəyimin yağını əritmişəm. Gecəmi gündüzümə qatmışam. Qəzetə o qədər böyük sevgi və məhəbbətlə bağlanmışam ki, bəzən övladlarımın qayğılı illərini belə görə bilməmişəm. Peşman deyiləm. “Şərq qapısı” qəzeti mənə bir ailə olub. Mən mətbuatda, qəzetdə özümü tapmışam. Bu gün mən ömür nərdivanının 91 pilləsində, doğma qəzetimiz isə 105-ci pilləsində dayanıb. Hər ikimiz sözlə, qələmlə birgə qocalmışıq. Bu münasibətlə qəzetin yaradıcı kollektivini səmimi-qəlbdən təbrik edirəm. Ziyanız heç bir zaman azalmasın. Sağ olun ki, bizi yada salmısınız”.
Qısa telefon danışığımız zamanı Sənubər xanımın çətinliklə qurduğu hər bir cümlə o qədər təsirli və səmimi səslənirdi ki, gözlərim qarşısında ömrünün ən məhsuldar çağlarını qəzetə, mətbuata həsr etmiş 91 yaşlı ağbirçək qələm sahibinin nurlu siması canlandı. Onun haqqında qələmə alınan yazıları, vaxtilə qəzet səhifələrinə həkk etdiyi məqalələri oxuduqca bir həqiqətə daha da əmin oldum: Sənubər xanımın qələmə aldığı hər bir yazı ilə əslində xalqımızın yaddaşını qoruyub, insan talelərini sətir-sətir, cümlə-cümlə sözə çevirərək gələcəyə daşıyıb, yaşadığı dövrün mənzərəsini mətbuat tarixinin səhifələrinə həkk edib. İllər ötəcək, nəsillər dəyişəcək, əsrlər bir-birini əvəzləyəcək. Lakin Sənubər xanım kimi sözə ömrünü verən qələm adamlarının ziyası zaman keçdikcə daha aydın görünəcək...
Məcid RƏŞADƏTOĞLU