Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub - FOTOLAR

A- A A+

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov Azərbaycanın səhiyyə naziri təyin edilib.

Yeni təyin olunmuş nazir Anar Bayramov bu gün Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub. Yeni naziri kollektivə Baş nazirin müavini Teymur Musayev təqdim edib.

Bu barədə NUHÇIXAN-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təqdimat mərasimində çıxış edən Teymur Musayev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlətimizin başçısının tapşırıqlarını diqqətə çatdırıb. O, səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl davam etdirilməsinin, qarşıya qoyulan hədəflərə nail olunması üçün mövcud imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb. Həmçinin bu vəzifələrin icrasında yeni təyin olunmuş səhiyyə nazirinə və nazirliyin kollektivinə uğurlar arzulayıb.

Anar Bayramov ona göstərilən etimada görə təşəkkürünü bildirərək, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. O, səhiyyə sahəsində mövcud imkanlardan səmərəli istifadə olunmasının, fəaliyyətin müasir idarəetmə prinsipləri əsasında təşkilinin və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.

Həmçinin bildirilib ki, dövlətimizin başçısının 19 oktyabr 2026-cı il tarixli “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Qeyd olunan qərarlar ölkədə səhiyyə sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, fəaliyyətin daha səmərəli əlaqələndirilməsi və səhiyyə sisteminin institusional inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklərin səhiyyə sahəsində vahid yanaşmanın gücləndirilməsinə, qurumlararası əməkdaşlığın genişləndirilməsinə və qarşıya qoyulan strateji hədəflərin daha səmərəli həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.

“Səhiyyə Nazirliyi qarşıdakı dövrdə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”, - deyə məlumatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: