Azərbaycan-BMT əməkdaşlığında ailə, qadın və uşaq hüquqları müzakirə olunub - FOTOLAR
Oktyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb.
Dövlət Komitəsindən NUHÇIXAN-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bahar Muradova Dövlət Komitəsinin yarandığı gündən BMT qurumları ilə çoxsaylı birgə layihələrin həyata keçirdiyini və hazırda bu əməkdaşlığın uğurla davam etdirdiyini bildirib. O, dünyada gedən mürəkkəb hadisələr fonunda Azərbaycanın beynəlxalq ictimai-siyasi proseslərin məsuliyyətli üzvü kimi fəal iştirak etdiyini vurğulayıb. B.Muradova, eyni zamanda, Dövlət Komitəsinin ailə, qadın və uşaq hüquqlarının müdafiəsi, bu sahədə dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində vacib roluna diqqət çəkib.
Dmitro Şlapaçenko çıxışında qadın və uşaq hüquqlarının müdafiəsinin, xüsusilə də gender bərabərliyinin təmin edilməsinin təşkilatın fəaliyyətində prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Azərbaycanda növbəti illərdə əməkdaşlığın mümkün istiqamətləri ilə bağlı bir sıra təkliflərini səsləndirib, birgə həyata keçirilə biləcək layihələr barədə danışıb.
Görüşdə, həmçinin BMT-nin müvafiq qurumları ilə Dövlət Komitəsi arasında əlaqələrin gücləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub. Tərəflər ailələrin rifahının yüksəldilməsi, qadınların cəmiyyətin bütün sahələrində iştirakının genişləndirilməsi, uşaqların hüquqlarının qorunması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.