Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
BŞİH-in mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin son tarixi çıxışı dünənin və bu günün reallıqlarını özündə əks etdirən, gələcəyə ünvanlanmış mühüm tarixi mesajlardır.
“Bu çıxışlarda Qarabağ məsələsinin Azərbaycan xalqı tərəfindən müstəqil şəkildə həll edildiyi birmənalı olaraq bəyan olundu. Azərbaycan kimi bir dövlətin tam müstəqil siyasi kurs həyata keçirməsi bütün dünyaya əyani şəkildə göstərildi. Bu da tarixi nöqteyi-nəzərdən çox vacibdir. Əminəm ki, bu çıxışlar elmi dərinlik baxımından gələcəkdə saysız tarixi-elmi dissertasiyaya mövzu olacaq”, – deyə E.Əzizov qeyd edib.
Müşavirə zamanı paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər də müzakirə olunub.
Həmçinin kommunal xidmət sahələrinin rəhbərlərinin qış mövsümünə hazırlıq işlərinin gedişi barədə hesabatları dinlənilib.
Müşavirənin yekununda görülən işlərin sürətləndirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
