Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirliyin əməkdaşları Naxçıvan şəhərində quşçuluq təsərrüfatında quşçuluqla məşğul olan ailə təsərrüfatlarının sahibkarları ilə maarifləndirici tədbir keçiriblər.
Nazirliyin şöbə müdiri Əyyub Abdullayev quşçuluğun inkişaf etdirilməsi, quşların zootexniki qaydalara uyğun yemlənməsi, saxlanması, gigiyenası, inkubasiya qaydalarına düzgün əməl edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, muxtar respublikada quşçuluğun inkişafının davamlı olaraq dövlət tərəfindən dəstəklənməsinin nəticəsində iri quşçuluq təsərrüfatlarının sayı 74-ə çatdırılıb və yeni quşçuluq təsərrüfatlarının yaradılması istiqamətində işlər davam etdirilir.
Nazirliyin əməkdaşı Lalə Məmmədli quşlar arasında baytarlıq tədbirlərinin vaxtında aparılmasının əhəmiyyətindən, onların saxlanıldığı damlarda dezinfeksiya tədbirlərinin aparılmasından, yumurtadan yeni çıxmış cücələrin 7 günlüyündən 2 aylığınadək taun və çiçək xəstəliyinə qarşı peyvənd edilməsinin vacibliyindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mütəxəssislərin hazırladıqları informasiya kitabçaları sahibkarlara paylanılıb.