Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
Mərkəzi Neftçilər Xəstəxanasında ürək fəaliyyəti qəfil dayanan pasiyent üzərində tibb heyətinin operativ müdaxiləsi nəticəsində zəruri reanimasiya tədbirləri həyata keçirilib və onun vəziyyəti stabilləşdirilib.
Bu barədə NUHÇIXAN-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib. Bildirilib ki, 1976-cı il təvəllüdlü kişi pasiyentin xəstəxanada müayinəsinə başlanılmazdan əvvəl vəziyyəti qəfil pisləşib və ürək fəaliyyətinin dayanması (kardiak arrest) baş verib. Tibb heyəti ürək-ağciyər reanimasiyası və döş qəfəsinin kompressiyaları daxil olmaqla təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirib.
Operativ və koordinasiyalı müdaxilədən sonra pasiyent Anesteziologiya və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabilləşdikdən sonra Kardiologiya şöbəsinə köçürülüb. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir, müalicəsi və tibbi nəzarət davam etdirilir.
Qeyd edək ki, ürək-damar xəstəliyindən əziyyət çəkən və daha əvvəl kardioloji müdaxilə keçirmiş pasiyent xarici ölkələrin birində də müayinə və müalicə alıb. Lakin səhhətində gözlənilən yaxşılaşma əldə olunmadığından, müalicəsini davam etdirmək məqsədilə Azərbaycana qayıdaraq Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.
