Ali Məclis sədrinin birinci müavini vətəndaşları qəbul edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Şərur rayonunun Yengicə kəndində vətəndaşları qəbul edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şərur şəhərində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Sonra Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında vətəndaş qəbulu keçirilib. Qəbulda sakinlərin, o cümlədən şəhid ailəsi üzvünün və Vətən müharibəsi iştirakçısının müraciətləri dinlənilib.
Müraciətlərin bir hissəsi qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həll edilməsi məqsədilə qeydiyyata alınıb. Digər müraciətlərlə bağlı isə vətəndaşlara qanunamüvafiq izahlar verilib.