Şimali və Cənubi Koreya arasında uzun illərdir davam edən hərbi-siyasi qarşıdurma yenidən gərgin mərhələyə daxil olub. Sərhəd xəttində hərbi fəallığın artması, qarşılıqlı ittihamlar və Pxenyanın sərt xəbərdarlıqları Koreya yarımadasında yeni hərbi eskalasiya ehtimalını gündəmə gətirib.
Şimali Koreya mümkün təxribatlara qarşı sərt tədbirlər görüləcəyini bildirir və sərhəd boyunca hərbi vasitələrin döyüş hazırlığında saxlanılacağını açıqlayır. Pxenyanın bu addımları Seula qarşı hərbi təzyiqin artırılması kimi qiymətləndirilir.
Hesab edirım ki, hazırkı vəziyyətdə genişmiqyaslı müharibənin başlanması qaçılmaz deyil. Lakin sərhəddə baş verə biləcək hər hansı ciddi insident vəziyyəti sürətlə dəyişə bilər. Koreya yarımadasında əsas təhlükə məhz lokal toqquşmanın nəzarətdən çıxaraq genişmiqyaslı müharibəyə çevrilməsidir.
Bu iki ölkə arasında hərbi balansı qiymətləndirərkən yalnız orduların şəxsi heyətinin sayına baxmaq kifayət deyil. Şimali Koreya böyük sayda hərbi qulluqçuya, geniş artilleriya arsenalına və raket sistemlərinə malikdir. Xüsusilə Seula yaxın ərazilərdə yerləşdirilmiş uzaqmənzilli artilleriya vasitələri Cənubi Koreya üçün ciddi təhlükə yaradır.
Şimali Koreyanın digər mühüm üstünlüyü isə nüvə silahlarına malik olmasıdır. Pxenyanın nüvə arsenalının dəqiq həcmi məlum olmasa da, ölkənin nüvə və ballistik raket proqramlarını davam etdirdiyi məlumdur. Bu amil istənilən hərbi qarşıdurmanı daha təhlükəli edir.
Cənubi Koreya isə texnoloji və iqtisadi imkanlarına görə Şimali Koreyadan əhəmiyyətli dərəcədə üstündür. Seulun müasir hava qüvvələri, yüksək dəqiqlikli raket sistemləri, pilotsuz uçuş aparatları, güclü donanması və inkişaf etmiş müdafiə sənayesi var.
Cənubi Koreyanın ən böyük strateji üstünlüklərindən biri isə ABŞ-la hərbi müttəfiqliyidir. Cənubi Koreyada ABŞ-ın minlərlə hərbi qulluqçusu yerləşdirilib və iki ölkənin orduları birgə təlimlər və inteqrasiya olunmuş müdafiə mexanizmləri vasitəsilə fəaliyyət göstərir.
Bu baxımdan, əgər yalnız konvensional silahlarla aparılan uzunmüddətli müharibədən söhbət gedirsə, hərbi-texnoloji və iqtisadi üstünlük Cənubi Koreya və onun ABŞ müttəfiqinin tərəfindədir.
Lakin müharibənin ilk mərhələsində vəziyyət fərqli ola bilər. Şimali Koreya sərhədə yaxın yerləşdirilmiş artilleriya və raket sistemlərindən istifadə etməklə Cənubi Koreyanın şəhərlərinə və hərbi obyektlərinə ciddi zərər vura bilər. Yəni Pxenyanın əsas üstünlüyü müharibənin başlanğıcında böyük atəş gücünü qısa müddətdə tətbiq etmək imkanındadır.
Cənubi Koreyanın üstünlüyü isə daha çox uzunmüddətli müharibədə özünü göstərə bilər. İnkişaf etmiş iqtisadiyyat, müasir hərbi texnologiyalar, yüksək səviyyəli kəşfiyyat və ABŞ-ın hərbi dəstəyi Seula ciddi üstünlük qazandırır.
Bununla belə, Koreya yarımadasında müharibə ssenarisini digər regional münaqişələrdən fərqləndirən əsas amil nüvə təhlükəsidir. Şimali Koreyanın nüvə silahından istifadə etməsi münaqişənin miqyasını tamamilə dəyişə bilər.
Ona görə də hazırkı vəziyyətdə əsas sual “müharibədə kim qalib gələr?” deyil, “tərəflər hərbi eskalasiyanın qarşısını ala biləcəkmi?” sualıdır.
Koreya yarımadasında kiçik bir sərhəd insidenti belə sürətlə daha böyük qarşıdurmaya çevrilə bilər. Bu səbəbdən Şimali və Cənubi Koreya arasında gərginliyin artması region üçün ciddi təhlükə olaraq qalır. Genişmiqyaslı müharibə ehtimalı hələ qaçılmaz görünməsə də, tərəflərin hərbi hazırlığı və sərt ritorikası risklərin artdığını göstərir.
Anar Şuşalı
