Şahbuz şəhərində sosial xidmət müəssisəsinin sakinləri ilə görüş

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin təşkilatçılığı ilə komitə üzvləri və bir qrup deputat həmkarımızla birlikdə Şahbuz şəhərinə səfər etdik. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin sakinləri ilə görüşdük.

Görüş zamanı Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Naib Əlizadə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, müəssisədə iki şöbə fəaliyyət göstərir. “Ahıl şəxslərlə iş şöbəsi”ndə 15 nəfər ahıl şəxsə, “Çətin həyat şəraitində olan digər şəxslərlə iş şöbəsi”ndə isə 9 nəfərə sosial xidmətlər göstərilir. Ümumilikdə hazırda müəssisədə 24 sakin tam dövlət təminatında yaşayır.

Qeyd olundu ki, müəssisədə ahıl və digər həssas kateqoriyalardan olan şəxslərə sosial reabilitasiya və sosial-məişət xidmətləri göstərilir, onların təhlükəsiz və layiqli həyat şəraiti ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illərdə müəssisənin maddi-texniki bazasının gücləndirilməsi, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması və göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması istiqamətində mühüm işlər görülüb.

Ziyarət çərçivəsində müəssisə sakinləri ilə çay süfrəsi ətrafında səmimi söhbət aparıldı, onlara hədiyyələr təqdim olundu. Ahıl şəxslər həyat hekayələrini bölüşərək gündəlik yaşayış şəraitindən, onlara göstərilən diqqət və qayğıdan danışdılar.

Söhbət zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin sədri Zeynəb Quliyeva bildirdi ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Vurğulandı ki, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da həssas əhali qruplarının, o cümlədən ahıl şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının və həyat şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Bu məqsədlə həyata keçirilən tədbirlər davam etdirilir. Qeyd olundu ki, belə görüşlər sosial həmrəyliyin möhkəmləndirilməsinə, humanizm və qayğıkeşlik prinsiplərinin təşviqinə xidmət edir.

Daha sonra müəssisə sakinlərinin fərdi yaşayış otaqları və istirahət guşələri ilə tanış olduq. Burada yaradılmış səliqəli və rahat şərait, sakinlərin gündəlik ehtiyaclarına göstərilən diqqət müsbət təəssürat yaratdı. Müəssisə əməkdaşlarının öz vəzifələrinə məsuliyyət və həssaslıqla yanaşdıqlarının da şahidi olduq.

Görüşün sonunda sakinlər onlara göstərilən dövlət qayğısına, yaradılan şəraitə və səmimi münasibətə görə minnətdarlıqlarını ifadə etdilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: