“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri başa çatıb. Görülən işlər gələcəkdə qatarların hərəkət intervallarının azaldılmasına, ehtiyat qatarların operativ şəkildə xəttə buraxılmasına və “Qırmızı xətt” üzrə 6 vaqonlu qatarların hərəkətinin təşkilinə imkan yaradacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Həzi Aslanov” stansiyasının dalanında yenidənqurma işlərinin yekunlaşması ilə əlaqədar təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dalanda aparılan yenidənqurma işləri Bakı Metropolitenində qatarların hərəkətinin təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Media və ictimaiyyət nümayəndələri üçün təqdimat başa çatdıqdan sonra əraziyə elektrik gərginliyi veriləcək və sərnişinlər gün ərzində qatarların dalana daxil olub-çıxmasını müşahidə edə biləcəklər.
B.Məmmədovun sözlərinə görə, növbəti mərhələdə infrastruktur üzrə sınaq və tənzimləmə işləri aparılacaq. Bu işlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Daha sonra Bakı Metropoliteninin müvafiq elanı əsasında “İçərişəhər”–“Həzi Aslanov” istiqamətində qatarların hərəkəti bərpa ediləcək: “2024-cü il noyabrın 30-dan etibarən aparılan əsaslı təmir işləri ilə əlaqədar qatarlar “Həzi Aslanov”–“Əhmədli” stansiyaları arasında məkik rejimində hərəkət edirdi. Yenidənqurma işləri başa çatdıqdan və müvafiq elan verildikdən sonra qatarların “Həzi Aslanov” stansiyasından ümumi xətt üzrə hərəkəti təmin olunacaq”.
O bildirib ki, iş günlərində pik saatlarda qatarlar iki dəqiqəlik intervalla hərəkət edəcək. Günün digər vaxtlarında isə intervalın iki dəqiqə 30 saniyədən çox olmaması nəzərdə tutulur: “Yenidən qurulan dalanın əsas xüsusiyyətlərindən biri dəmir yollarının dörd yoldan ibarət olması və əvvəlki ilə müqayisədə 20 metr uzadılmasıdır. Bu dəyişiklik gələcəkdə “Qırmızı xətt” üzrə altı vaqonlu qatarların hərəkətinin təşkili üçün zəruri şərait yaradacaq.
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, “Həzi Aslanov” stansiyasının dalanında işlərlə yanaşı, “İçərişəhər” stansiyasının arxasında da dönmə kamerasının tikintisi aparılır. Həmin kameranın da altı vaqonlu qatarları qəbul etmək imkanına malik olması nəzərdə tutulur: “Beləliklə, xəttin hər iki tərəfində müvafiq infrastruktur yaradılır. Növbəti mərhələdə qatarların hərəkətini təmin edən sistemlərin tənzimlənməsi, eləcə də stansiyaların infrastrukturunun altı vaqonlu qatarları qəbul etməyə uyğunlaşdırılması istiqamətində tədbirlər görüləcək. Nəticədə Bakı Metropoliteninin “Qırmızı xətti” gələcəkdə altı vaqonlu qatarların istismarına hazır olacaq”.
B.Məmmədov xatırladıb ki, Bakı Metropoliteni 1967-ci ildə fəaliyyətə başlayanda üç vaqonlu qatarlar istismar olunurdu. 1970-ci illərdə dörd, 1980-ci illərdə isə beş vaqonlu qatarların hərəkətinə başlanılıb. O, yeni infrastrukturun zərurət yarandığı təqdirdə sərnişinlərə daha rahat xidmət göstərilməsinə imkan verəcəyini vurğulayıb: “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin yeni tikinti yanaşması əsasında aparılması infrastrukturun davamlılığını və etibarlılığını artıracaq. Dalanın istismara verilməsi qatarların hərəkət intervallarının azaldılmasına, ehtiyat qatarların operativ şəkildə xəttə buraxılmasına, eləcə də nasazlıq yaranan qatarların qısa müddətdə xəttdən çıxarılmasına şərait yaradacaq”.
“Yeni infrastruktur sayəsində nasazlıq yaranan qatarı sərnişinləri gözlətmədən və digər çətinliklərə yol vermədən qısa müddətdə xəttdən çıxarmaq mümkün olacaq. Bundan əlavə, ərazidə qatarların kiçik təmir işlərinin aparılması da nəzərdə tutulur. Bütün bunlar metropoliten xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və sərnişin məmnunluğunun artırılmasına xidmət edəcək”, - deyə B.Məmmədov bildirib.
