"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

A- A A+

Xankəndi şəhərində keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub.

NUHÇIXAN xəbər verir ki, bəyanatda bildirilib:

- Biz, "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” Beynəlxalq Forumunun iştirakçıları, sosial siyasətin və idarəetmənin gələcəyində data analitikasının, süni intellektin və rəqəmsal texnologiyaların roluna dair aparılmış müzakirələrin nəticələrini nəzərə alaraq, həmçinin beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq,

- Sosial siyasət, data analitikası, süni intellekt və rəqəmsal transformasiya sahələrində bilik və qabaqcıl təcrübə mübadiləsinin, birgə tədqiqatların və innovativ yanaşmaların inkişaf etdirilməsini zəruri hesab edirik;

- "SOCGOV" təşəbbüsünün sosial idarəetmənin gələcəyinə dair beynəlxalq dialoq, təcrübə mübadiləsi və tərəfdaşlıq üçün institusional və davamlı platforma kimi inkişaf etdirilməsinə tam dəstəyimizi ifadə edirik.

Bu çərçivədə aşağıdakı ortaq prinsipləri təsdiq edirik:

- Etibarlı məlumatlardan və analitik imkanlardan səmərəli istifadə, faktlara əsaslanan qərar qəbuletmə mexanizmləri sosial siyasətin effektivliyinin, ünvanlılığının və nəticəyönümlülüyünün artırılmasında mühüm önəm kəsb edir;

- Süni intellekt və rəqəmsal texnologiyalar sosial ehtiyacların müəyyən edilməsi və qarşıdakı dövr üzrə proqnozlaşdırılması, sosial xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, idarəetmədə operativliyin və səmərəliliyin gücləndirilməsi üçün yeni imkanlar yaradır;

- Rəqəmsal transformasiya yalnız texnoloji yenilənmə ilə məhdudlaşmamalı, birbaşa vətəndaşların ehtiyaclarına xidmət edən, inklüziv, çevik və dayanıqlı idarəetmə modellərinin formalaşdırılmasını şərtləndirməlidir;

- Sosial sahədə süni intellektin və rəqəmsal texnologiyaların tətbiqi fundamental insan hüquqlarına və ləyaqətinə hörmət, şəffaflıq, hesabatlılıq, təhlükəsizlik, fərdi məlumatların qorunması və inklüzivlik prinsiplərinə əsaslanmalıdır. Texnoloji tərəqqi insan amilini və müvafiq subyektiv nəzarəti tam əvəz etməməli, cəmiyyətin rifahına və sosial hüquqlarının təmin edilməsinə xidmət etməlidir.

Qeyd olunan prinsipləri rəhbər tutaraq aşağıdakı prioritetləri dəstəklədiyimizi bəyan edirik:

- Sosial siyasətin formalaşdırılmasında və həyata keçirilməsində etibarlı məlumatlardan, müasir analitik vasitələrdən və faktlara əsaslanan qərar qəbuletmə mexanizmlərindən istifadə genişləndirilməlidir;

- Süni intellektin və digər rəqəmsal texnologiyaların sosial idarəetmədə məsuliyyətli, etik və şəffaf tətbiqinin təşviq edilməsi, müvafiq insan nəzarətinin və hesabatlılığın təmin olunması vacibdir;

- Fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyi və rəqəmsal sistemlərə ictimai etimadın gücləndirilməsi əhəmiyyətlidir;

- Rəqəmsal xidmətlərin bütün əhali qrupları, o cümlədən həssas qruplar üçün müyəssərliyinin və bərabər istifadə imkanlarının təmin edilməsi dəstəklənməlidir;

- Sosial innovasiyaların, texnoloji həllərin təşviqi və bu sahədə kadr potensialının, rəqəmsal savadlılığın davamlı inkişaf etdirilməsi önəmlidir;

- Sosial siyasətin və rəqəmsal layihələrin effektivliyi kəmiyyət və keyfiyyət göstəriciləri ilə ölçüləbilən sosial təsir analizi əsasında müəyyən edilməlidir;

- Dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, akademik dairələr və vətəndaş cəmiyyəti institutları arasında sinergiya və birgə layihələr dəstəklənməlidir.

“Bütün maraqlı tərəfləri insanmərkəzli, inklüziv və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi, məlumat və analitik imkanların insanların rifahına xidmət edən qərarlara və ölçüləbilən sosial nəticələrə çevrilməsi naminə birgə səyləri gücləndirməyə çağırırıq", -deyə Yekun Bəyanatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: