Azərbaycan ərazisinin 13 faizdən çoxu işğal dövründə basdırılmış partlamamış hərbi sursatlarla çirklənib və bu, əhalinin təhlükəsizliyi üçün ciddi risk yaratmaqda davam edir.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində əlilliyi olan şəxslərin hüquqlarına dair keçirilən interaktiv dialoq zamanı bildirib.
Diplomat qeyd edib ki, əlilliyi olan şəxslərin cəmiyyətdə bərabər əsaslarla tam və effektiv iştirakının təmin edilməsi dövlətlərin və beynəlxalq ictimaiyyətin əsas məqsədlərindən biri olmalıdır.
Onun sözlərinə görə, təhsil, məşğulluq, sosial xidmətlər, səhiyyə və ictimai həyatda iştirak sahələrində effektiv tədbirlərin görülməsi əlilliyi olan şəxslərin hüquqlarından tam istifadə etməsinə şərait yaradır.
Şəhriyar Hacıyev xatırladıb ki, bu il BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin 20-ci ildönümüdür.
Diplomat Azərbaycanda əlillik sahəsində dövlət siyasətinin inklüzivlik, inteqrasiya, bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və əlilliyi olan şəxslərin fərdi xüsusiyyətlərinə hörmət prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.
O bildirib ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində qanunvericilikdən mənfi məna daşıyan ifadələr çıxarılıb, əlillik sahəsində idarəetmə rəqəmsal transformasiya vasitəsilə müasirləşdirilib və Azərbaycan jest dili rəsmi olaraq tanınıb.
Şəhriyar Hacıyev münaqişədən sonrakı dövrdə partlamamış hərbi sursatların və əldəqayırma partlayıcı qurğuların yeni əlillik hallarına səbəb olması probleminə də toxunub.
“Azərbaycan ərazisinin 13 faizdən çoxu işğal dövründə basdırılmış partlamamış hərbi sursatlarla çirklənib və bu, əhalinin geri qayıtması üçün ciddi risk yaradır. 2020-ci ildən bəri mina qurbanlarının sayı 443-ə çatıb. Bu, əlilliyin qarşısının alınması və xüsusilə milli minatəmizləmə fəaliyyətinin gücləndirilməsi istiqamətində beynəlxalq həmrəyliyin və dəstəyin zəruriliyini bir daha nümayiş etdirir”, – deyə diplomat vurğulayıb.
Sonda Şəhriyar Hacıyev Azərbaycanın əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin abilitasiyası və reabilitasiyası, eləcə də onlar üçün bərabər imkanların təmin edilməsi istiqamətində tədbirləri davam etdirəcəyini bildirib.
