1882-ci ilin payızı... Naxçıvanın qədim küçələrindən birində, ruhani ailəsində – Hacı Abdullanın ocağında bir uşaq dünyaya gəldi. Bəlkə də o gün heç kim bilmirdi ki, Hüseyn adlı bu körpə nə vaxtsa Azərbaycan ədəbiyyatında tamamilə yeni bir məktəbin, fəlsəfi poeziyanın və mənzum dramın banisi olacaq. Amma zaman öz sözünü dedi və bu gün biz yalnız bir insanın deyil, bütöv bir düşüncə tərzinin dünyaya göz açdığı günü xatırlayırıq. Onun yolu doğma Naxçıvandan, görkəmli maarifpərvər Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sindən başladı. Sidqinin zəngin dünyagörüşü gənc Hüseynin daxilindəki ədəbiyyat işığını, fitri istedadı daha da alovlandırdı. Daha sonra Təbrizin “Talibiyyə” mədrəsəsi və nəhayət, İstanbul Darülfünunu... Şərqin dərin irfan fəlsəfəsi ilə Qərbin müasir düşüncəsini özündə sintez edən Cavid, ədəbiyyatımıza tamamilə fərqli bir nəfəs, yeni bir ölçü gətirdi.
Cavid qələmi sıradan bir qələm deyildi; o, insan ruhunun ən dərin qatlarına enməyi bacaran, mütləq həqiqəti, ilahi gözəlliyi və bəşəri eşqi arayan bir sənətkar idi. O, “Şeyx Sənan”da dinləri və sərhədləri aşan eşqi, “İblis”də bəşəriyyətin bitməyən daxili savaşını, xəyanət və nəfslə mübarizəsini, “Peyğəmbər”də isə mənəvi ucalığı misilsiz bir romantizmlə qələmə aldı. O, sadəcə kəlmələri qafiyələndirən şair deyil, insanın faciəsini və böyüklüyünü eyni səhnədə canlandıran böyük mütəfəkkir idi.
Bəli, o, 1937-ci ilin amansız repressiya maşınının qurbanı oldu. Sözün, fikrin azad uçuşunu həzm edə bilməyənlər onu uzaq Sibir buzlaqlarına sürgün etdilər. Lakin Cavid əfəndinin əsl həyatı cisminin yox olduğu yerdə başladı. Çünki o, hələ sağlığında “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü!” deyərək, bəşəriyyətə ən böyük xilas yolunu göstərmiş, fikrin və sözün ölməzliyini təsdiq etmişdi.
Tarix gec-tez ədaləti bərpa edir. 1982-ci ildə ulu öndər Heydər Əliyevin cəsarəti və təşəbbüsü ilə şairin nəşinin uzaq Sibirdən – Maqadandan doğma Naxçıvana qaytarılması sadəcə bir repressiya qurbanının vətənə dönüşü deyildi.
Bu, böyük Cavid ruhunun dünyaya göz açdığı torpaqla, öz doğmaları ilə əbədi qovuşması idi.
Bu gün Hüseyn Cavidin dünyaya göz açdığı gündür. Bu gün sadəcə bir təqvim yarpağı deyil;
Azərbaycan oxucusunun öz mənəvi dünyasına dönüb baxdığı, Cavidin uca fəlsəfəsi ilə yenidən salamlaşdığı bir gündür. Cavid əfəndi 100 ildən çoxdur ki, əsərləri ilə bizə insanlığın, sevginin və həqiqətin yolunu göstərməyə davam edir. Çünki Cavid oxunduqca, səhnədə yaşadıqca və ürəklərdə xatırlandıqca hər gün yenidən doğulur.
İlknur Abbasova
Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin kiçik elmi işçisi
