Səlahiyyətli nümayəndə Ordubad rayon ağsaqqalları ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Ordubad rayonunun bir qrup ağsaqqalı ilə görüş keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərində ucaldılan abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.
Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə səlahiyyətli nümayəndə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ordubad rayonuna daim xüsusi qayğı göstərdiyini diqqətə çatdırıb.
Ordubad rayonunun mədəni həyatımıza, milli-mənəvi dəyərlərimizin qorunmasına dəyərli töhfələr verdiyini, muxtar respublikanın sosial-iqtisadi inkişafında fəal iştirak etməsi üçün əlverişli imkanların yarandığını bildirib. Rayon sakinlərinin kənd təsərrüfatının müxtəlif sahələrində zəngin təcrübə qazandıqları, ictimai həyatda fəal yer aldıqları qeyd edilib. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü tam təmin edilib və indi əsas vəzifə Prezident cənab İlham Əliyevin respublikamızın bundan sonrakı inkişafı və tərəqqisi istiqamətində qarşıya qoyduğu tapşırıq və vəzifələrin layiqincə yerinə yetirilməsidir.
Görüşdə rayon ictimaiyyətini maraqlandıran məsələlər, Ordubad rayonunun sosial-iqtisadi inkişaf perspektivləri və onların həlli istiqamətində bir sıra məsələlər müzakirə olunub. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş müvafiq Dövlət Proqramı çərçivəsində Ordubad rayonunda həyata keçirilən tədbirlər, eləcə də dövlət başçısının 2026-cı il 21 fevral tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”na əsasən Ordubad rayonunda icrası nəzərdə tutulan layihələr səlahiyyətli nümayəndə tərəfindən ağsaqqalların diqqətinə çatdırılıb.
Ceyhun Cəlilov, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2026-cı il avqustun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama əsasən Naxçıvanın inkişafı üçün ayrılan maliyyə vəsaitinin əsas istiqamətləri və bölgüsü haqqında bəhs edərək bu dövlət sənədinin də Ordubad rayonunun inkişafına mühüm töhfələr verəcəyinə inam ifadə edib.