“Naxçıvan” Universitetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ali təhsil ocağında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı və ümumtəhsil məktəblərinin müəllimləri, universitetin professor və müəllim heyətinin iştirakı ilə XI sinif İngilis dili dərsliyinin müzakirəsi keçirilib.
“Naxçıvan” Universitetinin prorektoru Hüseyn Bağırsoylu müzakirənin keçirilməsinin əhəmiyyətindən danışıb. Müzakirələrin sonunda XI sinif ingilis dili dərsliyinin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olacaq rəy və təkliflərin hazırlanacağını diqqətə çatdırıb.
Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov Ali Məclisin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini təmin edilməsinin bir vəzifə olaraq tapşırıldığını bildirib. Bu məqsədlə muxtar respublikanın qabaqcıl müəllimlərinin iştirakı ilə ayrı-ayrı dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılıb. Qabaqcıl fənn müəllimlərinin iştirakı ilə hazırlanmış rəy və təkliflərin muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin professor və müəllim heyəti ilə birlikdə müzakirələri davam etdirilir.
Müzakirələr zamanı iştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yaxşı hazırlandığını qeyd etməklə yanaşı, bir sıra çatışmamazlıqların olduğunu-ardıcıllığın gözlənilmədiyini, qramatik çalışmaların azlıq təşkil etməsini, dinlənilməsi və tamamlanması tələb olunan dialoq tapşırıqlarına aid elektron resursların olmamasını və bəzi yeni sözlərin mətndə az işlədildiyini qeyd ediblər.
Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub.
Seyfur Hacımuradov