Rəşadətli oğlum

A- A A+

Bakı həmin gün hər zamankından daha geniş, daha təntənəli görünürdü. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin həyəti bayram libasına bürünmüşdü. Cərgə-cərgə düzülmüş zabitlər, tribunada əyləşən rəsmilər, səliqə ilə sıralanmış gənc leytenantlar... Hər şey möhtəşəm və qürurverici idi. Amma bir ananın gözü bunların heç birini görmürdü. O, izdihamın içində yalnız bir simanı axtarırdı – öz oğlunun simasını.

Emin sıra ilə keçərkən ananın ürəyi tanış bir ağrı ilə sıxıldı. Çiyinlərindəki ulduzlar günəş işığında işıldayırdı, amma ananın baxışları Eminin çiyinlərindəki ulduzlara yox, oğlunun üzünə dikilmişdi. O üzdə həm qürur vardı, həm də illərdir susaraq danışan bir ata həsrətinin kölgəsi. Emin bu yolu sadəcə peşə kimi yox, həyat missiyası kimi seçmişdi; bunu anası bilirdi, hiss edirdi. 

Buraxılış mərasimi bitəndən sonra Emin anasına yaxınlaşdı. Səsi bir anlıq titrədi, sonra özünü ələ aldı:

– Ana, çətin günlərimiz arxada qaldı.

Ana cavab vermədi. Sadəcə oğluna heyranlıqla baxdı. İllərin, bir ömrün ağırlığı keçdi o baxışdan. Emin artıq leytenant idi. Amma ananın gözündə o, hələ də bir vaxtlar xəstəlikdə üzünü anasına tutan, atasını erkən yaşda itirib susmağı öyrənən uşaq idi. Çiynindəki ulduzlar sadəcə rütbə deyildi; atasının yarımçıq qalan arzularının tamamlanması, anasının səssiz zəhmətinin cavabı idi.

 “Bu gün sevinmək günüdür”, – deyə düşündü ana. İllər boyu içində saxladığı ümidlər bu gün Eminin çiyinlərindəki ulduzlara çevrilmişdi. Ana bilirdi ki, o ulduzlar yalnız rütbə deyil, bir yolun, bir seçimin nişanəsidir. Eminin üzünə baxdı. O üzə illər boyu baxmışdı: xəstəlikdə solğun, məktəbə gedəndə həyəcanlı, atasını itirəndə susqun... İndi isə həmin üzdə qərarlı bir sakitlik vardı. Ana bu sakitliyə güvəndi. Oğlunun yolunun sadəcə peşə olmadığını, taleyinə çevrildiyini hiss etdi və buna görə qürur duydu.

“Çətin günlərimiz arxada qaldı”, – demişdi Emin. Ana içində, çox səssiz bir yerdə pıçıldadı: İnşallah, oğlum. Çünki ana ürəyi bilirdi: bəzi yollar asanlaşmır, amma ümidlə gediləndə müqəddəsləşir. 

 Emin 21 iyul 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuzkənd kəndində dünyaya gəldi. Gənc ailə üçün bu, həyatlarının ən böyük sevinci oldu. Ona “Emin” adını verdilər. Elə bil, hələ körpə ikən onun taleyinə etibar və sədaqət yazılmışdı.

Həyat onları çox gözlətmədi. Emin hələ balaca ikən ailə geniş ümidlərlə və dar imkanlarla Naxçıvan şəhərinə köçdü. Uşaqlıq isə elə ilk illərdən sınaqla gəldi. Üç yaşında Emin ağır xəstələndi. Evin içinə səssizlik çökmüşdü. Dərman almaq lazım idi, amma dərmanı almağa pul yox idi. Ana tərəddüd etmədən evdəki ən dəyərli əşyasını – nişan üzüyünü gətirib ataya verir ki, satıb dərman alsınlar. Nişan üzüyü satıldı, Eminin dərmanları alındı. Gözlərinin ağı-qarası, bircə övladları Emin sağaldı. 

  Amma sonrakı illər də asan olmadı. Kirayələr dəyişdi, ünvanlar dəyişdi, amma ailənin birliyi dəyişmədi. Atası Rəşadət, anası Gülşad çətinliklərə alışaraq yaşamağı öyrəndilər. Emin dörd yaşına çatanda anası işləməyə başladı. Anası növbəli işlədiyi üçün bəzi vaxtlar evdə olmurdu. Ana, ata işdə olduğu zaman Eminin bağçaya getmədiyi günlərdə ona qonşu Ceyran xala baxar, yeməyini yedirər, qayğısına qalardı. Balaca Emin uşaqlıqdan sakit təbiətli idi. Atası Rəşadət ona çoxlu nağıl kitabları alır, axşamüstü oxuyardı. Emin nağılları çox sevirdi. Ən çox sevdiyi isə “Cəsur Qarışqa” nağılı idi. Nağıllar uşağın içində cəsarət, anlayış və dünyanı tanımaq istəyi aşılayır, onun ruhuna bir iz buraxırdı. Ata qayğısı, ana nəvazişi, ailənin birliyi, sevgisi, diqqəti uşağın içində möhkəm bir təməl qoyurdu. Beləcə, Emin məktəbə başlamamışdan əvvəl həm sevgi, həm bilik, həm də cəsarətlə dolu bir uşaq olaraq böyüyürdü. 

  2004-cü ildə Emin ilk dəfə Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin qapısından içəri girdi. Balaca çantasını çiyninə asmış, gözləri həyəcan və sevinclə parıldayırdı. Valideynləri onun gözlərindən sevincini oxuyur, ürəklərində qürurla fərəhlənirdilər. Emin Məleykə müəllimini çox istəyərdi. Məleykə müəllim isə hər fürsətdə deyərdi ki, Emin ağıllı və çalışqan uşaqdır; onu sevməmək mümkün deyil. Əlifba bayramı günü valideynlərinin sevinci yerə-göyə sığmırdı. Emin “ata” şeirini deyəndə, atası Rəşadət də, anası Gülşad da sevinc göz yaşlarını saxlaya bilmədilər. Onların gözlərində həm sevinc, həm qürur vardı. Anası işdə olduğu vaxt Eminin dərslərini əsasən atası öyrədər, ona vətən, torpaq sevgisini aşılayar, hər fürsətdə onu gələcəkdə hərbçi kimi görmək istədiyini bildirərdi. Dərsləri bitdikdən sonra atası Qurani-Kərimin tərcüməsini səsli oxuyar, Eminə də mənasını izah edərdi. Bu tərbiyə Eminin ruhunda silinməz izlər qoyurdu. Emin 9 yaşında ilk dəfə ramazan ayında oruc tutmuşdu. 

Tale amansız oldu. Emin ailənin tək övladı idi və həyat onu uşaq yaşlarından ağır sınaqlara hazırlayırdı. Emin on yaşında olanda atası Rəşadət ağır xəstəlikdən dünyasını dəyişdi. Atasının vəfatından sonra həyat anası üçün daha da çətin olmuşdu. Bir tərəfdən sevdiyi insanı itirməyin acısı, digər tərəfdən kirayədə qalmağın, maddi ehtiyacları qarşılamağın yaratdığı çətinliklər Gülşad xanımın gücünü tükəndirmişdi. Ana yıxılan dünyasını Eminə məhəbbəti ilə dirçəldirdi. Emin anasının həm ümidinə, həm dayağına çevrilmişdi. Gülşad xanım tibb bacısı işləyərək Emini maddi və mənəvi çətinliklər içində böyütmüşdü. Emin 15 yaşına qədər anası ilə kirayələrdə yaşamış, ailənin maddi çətinlikləri səbəbindən 2008-2010-cu illərdə məktəbini dəyişmək məcburiyyətində qalaraq Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmiş, sonra yenə oxuduğu məktəbə geri qayıtmışdı. Anası işdə olanda Emin dərslərini səylə hazırlayır, tapşırıqlarını diqqətlə yerinə yetirirdi. Bu illər onun xarakterini formalaşdırmış, səbirli, dözümlü və qənaətcil bir insan kimi yetişməsində mühüm rol oynamışdı. Emin məktəb illərində həm səmimi, həm də məsuliyyətli uşaq kimi seçilirdi. O həm müəllimlərinin hörmətini qazanmış, intizamlı, çalışqan şagird, həm də yoldaşlarına qarşı qayğıkeş bir dost idi. Emin hər zaman böyük arzularla yaşayırdı, ən böyük arzusu isə vətənə xidmət etmək idi. Hələ uşaqlıqdan oyuncaq tapançanı əlinə alanda belə deyirdi: “Mən böyüyəndə əsgər olacağam, torpağımızı qoruyacağam.” Bu arzu gənclik illərində daha da möhkəmləndi. 

Emin uşaqlıqda xalası qızları ilə çox vaxt keçirər, birgə dərslərini hazırlayar, birgə oynayardı. O hər yay tətilini xalası qızları ilə kənddə Qəzənfər babası və Qiymət nənəsi ilə birlikdə keçirərdi. Kənddə onu ilk qarşılayan babasının səsi olardı – ağır, amma arxayın səs. Nənəsi isə həmişəki kimi səssiz qayğısı ilə Eminin ətrafında dolanardı: yeməyinə diqqət edər, üst-başını yoxlayar, axşamlar isə yorğanını üzərinə çəkərdi. Babası Eminə ata yoxluğunu hiss etdirməməyə çalışırdı. Nənəsinin isə hər hərəkətində dua gizlənirdi. Emin o evdə qorunduğunu bilirdi. Emin xalası qızları ilə oynayanda şənlənər, amma axşamüstü tək qalanda içində qəribə bir sakitlik olardı. Həmin sakitlik sonralar onun xarakterinə çevriləcəkdi. Kənd, baba-nənə, o qayğı – hamısı Eminin içində sözsüz bir dayaq kimi qalacaqdı.

Atasının vəfatından sonrakı ilk Qurban bayramı idi. Bayram bu dəfə payızın sonuna, qışın astanasına düşmüşdü. Gecələr artıq üşüdürdü. Səhər hələ açılmamışdı. Saat dördü göstərirdi. Emin yuxudan qalxdı. Ayaqlarını yerə basanda döşəmənin soyuğunu hiss etdi. Sakitcə anasının yanına gəldi. 

– Ana, mən gedirəm ət almağa, –dedi.

Bir anlıq susdu, sonra əlavə etdi:

– Növbəyə yazılmağa gedirəm. Atam həmişə bu vaxt gedərdi ki, növbə olmasın.

Ana təlaşla yerindən qalxdı. Gözləri doldu, amma ağlamadı. Dedi:

– Hələ qaranlıqdır, oğlum, bir az gözlə, bir yerdə gedək.

Gözləri ilə oğluna ona güvəndiyini göstərmək istəsə də, səsində oğlunu bu qaranlıq və soyuq səhərə tək başına buraxmaq istəməməyin qorxusu vardı. Amma Emin qərarlı idi. 

– Yox, ana. Mən özüm gedəcəyəm. Evin kişi işini mən görəcəyəm. Sən mənə görə narahat olma. Mən qorxmuram.

Bu “qorxmuram” uşaq sözü deyildi. Bu atasız qalmış evin məsuliyyətini çiyninə alan bir oğulun səsi idi. O, soyuqdan, qaranlıqdan deyil, anasını tək qoymaqdan, atasının yerini boş qoymaqdan qorxurdu. 

Səhər saat 10 radələrində Emin qayıdanda havada hələ də qışın sərtliyi vardı. Üz-gözü soyuqdan qızarmışdı. Əlində ət dolu torba, gözlərində sevinc, səsində istilik vardı. Anasına baxdı, sanki bir işi yox, bir borcu yerinə yetirmişdi.

– Anacan, – dedi,– mən dərslərimi yaxşı oxuyacağam. Atamın dediyi kimi ali məktəbə gedəcəyəm, hərbçi olacağam. Maaş aldığım ildən hər Qurban bayramında qurban kəsəcəyəm. Yaxınlara, qohumlara, imkanı olmayanlara paylayacağam. Bir pay da özümüzə götürəcəyəm.

Bu sözlər soyuq səhərin içində verilmiş isti bir and idi. Bu, uşaq vədi deyildi –atasından miras qalan dəyərlərin davamına verilən söz idi. Emin hələ kiçik yaşlardan məsuliyyətin nə olduğunu anlayırdı. Qurban bayramı günlərində atasının ona aşıladığı dəyərləri xatırlayır, ürəyindən keçirdi ki, böyüyəndə ilk maaşı ilə qurban kəsəcək, paylayacaq, anasına verdiyi sözü tutacaq.

Gənclik illərində ən böyük dayağı isə hər addımında yanında hiss etdiyi atası Rəşadətin xatirəsi idi. Atasının arzusu hər zaman Eminin yolunu aydınladırdı: “Mənim oğlum hərbçi olacaq, hərbi məktəbdə oxuyacaq.” Atasının arzusu Emin üçün müqəddəs bir borc, bir həyat yolu oldu. Doqquzuncu sinifdə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunması ailə üçün həm sevinc, həm qürur mənbəyi, anası üçün isə böyük emosional an idi. Lisey illərində intizamı, səbri və məsuliyyəti ilə seçilən Emin müəllimləri və komandirləri tərəfindən sevilir, yoldaşları tərəfindən hörmətlə qarşılanırdı. Zabit yoldaşı Seymur Məmmədov Eminin düşüncəli və məsuliyyətli xarakterini, ətrafındakı hər kəsə kömək etməyini görür və həmişə onunla qürur duyurdu. Eminin baxışlarında bir məqsəd, bir amal vardı: Vətənə xidmət etmək. 

Emin hərbi liseydə oxuduğu ilk ilin bir həftəsonu evə gələndə anasına yaxınlaşdı. Sözlərindən çox gözləri danışırdı; parıldayan qara gözlərində işıq vardı.

– Ana, bir neçə general “Rəşadət” ordeni alıb. Mən də ali hərbi məktəbi bitirəcəyəm, general olacağam. Mən də “Rəşadət” ordeni alacağam. Onda mənə “rəşadətli oğlum” deyərsən, – dedi.

Ananın üzünə sakit bir təbəssüm qondu:

– Oğlum, sənə söz.

Üçillik hərbi lisey təhsilini başa vurduqdan sonra Emin həyatının növbəti və ağır mərhələsinə qədəm qoydu. Emin 2015-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldu. Bu addım onun üçün sadəcə təhsil seçimi deyildi; bu, uşaqlıqdan ürəyində böyütdüyü yolun artıq qəti taleyə çevrilməsi idi.

Ali hərbi məktəbdə keçən dörd il Eminin iç dünyasını da, xarakterini də formalaşdırdı. O illər ərzində Emin yalnız hərbi biliklər qazanmırdı; o məsuliyyətin nə demək olduğunu, əmr verməyin deyil, cavabdehlik daşımağın mənasını öyrənirdi. Artıq o, oyuncaq silahlarla oynayan uşaq deyildi. Atasının ruhundan, öz vicdanından güc alan gənc bir zabit yetişirdi. Komandirləri onun sakit, amma qətiyyətli duruşunu, verilən tapşırıqlara yanaşmasındakı ciddiyyəti xüsusi qeyd edirdilər. Təhsil müddətində Emin intizamı, çalışqanlığı və sədaqəti ilə seçilirdi. O zabit olmağın rütbə deyil, insan talelərini çiyinlərində daşımaq olduğunu, zabitin qərarının əsgərin həyatı, vətənin təhlükəsizliyi demək olduğunu çox gözəl bilirdi. Bu dörd il Eminin həyatında səssiz, lakin möhkəm bir bünövrə qurdu. Uşaqlıqda atasının yoxluğu ilə böyüyən o uşaq, indi özü məsuliyyət daşıyan bir gəncə çevrilmişdi. O, fiziki və mənəvi baxımdan özünü möhkəmləndirir, gələcəkdə üzərinə düşəcək ağır missiyaya hazırlaşırdı. 

Gülşad ana sonralar həmin illəri xatırlayanda tez-tez eyni fikrə qayıdırdı: çətin günlər arxada qalmışdı. Emin sözünü tutmuşdu. Ana ürəyində inanmaq istəyirdi ki, oğlunun çiyinlərindəki yük bundan sonra yalnız işıq olacaq. Elə o günlər idi ki, Emin zabit kimi aldığı ilk maaşı da özü üçün saxlamadı...

Emin zabit kimi aldığı ilk maaşına qurban kəsdirərək ehtiyac sahiblərinə payladı. O maaş onun gözündə şəxsi qazanc deyil, bir şükür payı idi. 2020-ci ildə də anasına pul göndərib dedi:

– Ana, qarşıdan Qurban bayramı gəlir. Qurban kəsdir, ehtiyac sahiblərinə payla.  

Sevincini başqalarının duasına çevirmək onun xarakteri idi. Sanki aldığı hər neməti əvvəl Tanrıya, sonra anasının əllərinə qaytarmaq istəyirdi. Uşaqlıq illəri asan keçməmişdi. Emin on beş yaşına qədər anası ilə birlikdə kirayədə yaşamışdı. Sonra Qəzənfər babası bu ailəni kirayənin ağırlığından qurtarmaq üçün balaca bir ev tikdirmişdi. O ev onların “öz evi” oldu. Ata yoxluğunu hiss etdirməmək üçün hər zaman əlindən gələni edən Qəzənfər babası Eminin şəhid olduğu vaxtdan iki il əvvəl dünyasını dəyişmiş, amma o evdə onun duası qalmışdı.  

Evin bir otağını Gülşad ana Eminə ayırdı.

– Bu otaq sənin olacaq, – dedi.

Həmin vaxt otaq tamamilə boş idi. İçəridə yalnız pəncərədən asılmış sadə bir pərdə vardı. Emin otağa baxdı və sakit səslə, ürək dolusu ümidlə dedi: 

– Ana, bu otağa başqa heç nə qoymayaq. Bu otağı mən özüm dolduracağam.

Ana o vaxt bu sözlərin dərinliyini anlamadı. Ürəyindən keçirdi ki, bu otaq Eminin bəy otağı olacaq, gün gələcək bu otaq onun üçün bəzənəcək, oğlunun xoşbəxtliyinə şahidlik edəcəkdir. 

Bu gün o otaq başdan-başa doludur. İllər sonra Emin o otağı doldurdu, amma toy sevinci ilə yox, ondan geriyə qalan xatirələrlə...

Bu gün o otaqda Eminin şəkilləri, xatirələri və şəxsi əşyaları var. Uşaqlıqda oxuduğu nağıl kitabları, hərbi dəftərləri, uşaqlıq paltarları, gündəlikləri, geyimləri... Hətta uşaqlığından sevdiyi mavi ədyal və saymağı öyrəndiyi çöplər belə. Emin bütün bunları səliqə ilə saxlamışdı. Sanki bilirdi, bir gün bu əşyalar onu tanıdacaq...

Emin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib zabit kimi məzun olduqdan sonra Qazax rayonunun “N” saylı hərbi hissəsinə təyinat aldı. Onun zabit yolu məhz oradan başladı. Gənc idi, amma məsuliyyətini dərindən anlayırdı. Çünki o, zabitliyi yalnız əmr vermək kimi yox, əsgərlərinə qardaş, müəllim olmaq kimi dərk edirdi.

Qazaxda xidmət etdiyi günlərdə ölkədə vəziyyət gərgin idi. Sərhəddə toqquşmalar baş verirdi. Bu xəbərlər Eminin içini rahat buraxmırdı və anasına deyirdi: 

– Ana, mənim yerim burada deyil. Mən döyüş meydanı üçün yetişmişəm. Mən o torpaqlar üçün doğulmuşam.

Sanki onun içində artıq savaş başlamışdı. Emin bu dünyaya Vətən üçün gəlmişdi. Silah təlimləri və fiziki məşqlər onun gündəlik həyatının bir hissəsi idi. Anası bəzən qorxurdu. Amma bu qorxunun içində böyük bir qürur da var idi. Çünki qarşısında adi bir oğul yox, taleyinə qarşı səssiz addımlarla gedən bir zabit dayanmışdı. 

Müharibə başlayanda Emin xəbəri hamı kimi eşitdi. Amma hamı kimi qəbul etmədi – çünki bəziləri üçün müharibə səs-küy idi, Emin üçün isə uzun zamandır içində hazır olan gerçəklik. Emin atasız böyümüşdü. Anası üçün sadəcə bir oğul deyil – hər şey idi, aldığı nəfəs idi. Anasının bütün arzularının, bütün ümidlərinin ona bağlı olduğunu yaxşı bilirdi. Lakin “getməyə bilərsən, sən evin tək övladısan” kimi sözlərin Eminin qətiyyətinin qarşısında heç bir gücü yox idi. Emin könüllü olaraq bir dəfə yox, dəfələrlə müraciət etdi. 

  Emin üçün vətən xəritə deyildi, bayraq şəkli deyildi. O, torpağı gözündə canlandıranda viran qalmış evləri, yarımçıq həyətləri və səssiz qapıları görürdü. Sanki haradasa bir iş yarım qalmışdı və kimsə onu tamamlamalı idi. Emin o “kimsə” nin özü olduğunu hiss edirdi. 

Gülşad ana Eminin gözlərinə baxanda sual vermədi. Cavab artıq orada idi. Bu qərar ani deyildi, səsli deyildi. Bu, geri dönüşü olmayan bir sakitlik idi. Bu qərar böyük sözlərlə verilmədi. Amma böyük ürək tələb edirdi. Atası olmayan, evin tək dayağı olan bir oğlun könüllü şəkildə bu yolu seçməsi məhz buna görə ağır idi. Emin qərarını vermişdi. Ana nigaranlıq içində duaya sığındı. Emin arxayınlıqla anasının bulud kimi dolan gözlərinə baxdı:

– Ana, hər zamankı kimi bütün xəbərlərimi birinci məndən eşidəcəksən. İnşallah, torpaqlarımızın azad olumasının müjdəsini tezliklə sənə verəcəyəm.

Emin döyüş yoldaşları ilə birlikdə oktyabr ayının 10-da gecə saat 10:30-da Füzuli istiqamətinə yola düşdü. Oktyabr ayının 11-i səhər saat 07:30-da Füzuli rayonunun Şükürbəyli kəndinə çatdılar. Ağır döyüşlər gedirdi. Atəş səsləri, partlayışlar, ətrafın toz, dumana büründüyü zamanda hər kəsin içində bir həyəcan və bir məqsəd vardı: işğal olunmuş torpaqlarımızı azad etmək. Hər baxış bir-birinə güc verirdi. Yol uzun, amma məqsəd aydın idi. Emin üçüncü taqımın komandiri olaraq hərəkət edirdi. Səhər saat 11 radələrində Emin “Silah-sursatlarınızı hazırlayın, döyüşə gedirik” deyir. Heç kim Eminin sözündən çıxmırdı. Onun baxışları hər kəsdə bir inam yaradırdı. Taqım sursatları hazırladı və maşınlara minərək döyüşə yola düşdülər. Bir qədər yol gedəndən sonra maşınları saxlayırlar. Taqıma manqa şəklində “İrəli” əmri verilir. Emin döyüş yoldaşları ilə 6-7 kilometr piyada yol gedib, öz postlarına çatır. Hər nəfəs, hər addım, hər baxış döyüş ruhunu bir-birinə ötürürdü. Dostlarının şəhid olduğunu, yaralandığını görmək hər birinin ürəyini dağlayırdı. Emin ürəyiyumşaq, mərhəmətli bir adam kimi tanınsa da, döyüş zamanı çox qətiyyətli və sərt olurdu. Emin və döyüş yoldaşları Füzuli, Hadrut, Suqovuşan və bir neçə yaşayış məntəqəsinin azad edilməsində şücaət göstərirlər. Eminin döyüş meydanında əli yaralanır. Yoldaşları təkidlə Emini yarasına dərman almağa göndərirlər. Emin dağdan dərman almağa ensə də, fikri yarasında deyil, əsgərlərin yanında qalır. O, bütün pulunu yeməyə xərcləyib əsgərlərə gətirir. Yoldaşları gətirdiyi yeməyi görüncə gülə-gülə deyirlər:

– Emin, sən şəhid olmasan da, cənnəti qazandın.

Oktyabr ayının 22-də Emin öz dəstəsi ilə mühasirəyə düşür. Dörd gün boyunca sıxıntı və gərginlik içində qalırlar, amma əzm və iradə onları ayırmır. 26 oktyabrda düşmənin mühasirəsini yararaq yenidən döyüş meydanına atılırlar. Geri çəkilmək yox idi. Günlərlə oğlundan xəbər tutmayan ana nə yerə, nə göyə sığırdı. Hər gün bir gecəyə, hər gecə bir ömrə bərabər olurdu. Səhərlər dua ilə açılır, gecələr qorxu ilə bağlanırdı. Ana sadəcə gözləyirdi – gözləməkdən başqa əlindən heç nə gəlmirdi.  

Emin mühasirədən çıxandan sonra anasına zəng vurur. Ana əlləri əsə-əsə telefonu açır. Eminin səsini eşidən ana o qədər kövrəlir ki, danışa bilmir, sözlər boğazında düyünlənib qalır. Gücünü toplayıb sadəcə bir cümlə qura bilir:

– Harada döyüşürsən, Emin?

Emin bir anlıq susdu. Həqiqəti demədi. Anasının ürəyinə bir yük də qoymaq istəmədi. Anasını döyüş bölgəsində olmadığına inandırdı.

Ana inandı. Çünki hər kəs və hər şey əksini deyəndə belə, analar hər zaman övladının sözünə inanmağı seçir. 

Oktyabr ayının 26-da döyüş yenidən qızışır. Torpaq yenə titrəyir, səslər yenə yüksəlir. Eminin bölük komandiri baş leytenant Rauf Əsgərov yaralanır. Güllələrin yağış kimi yağdığı zaman Emin döyüş yoldaşlarının təkidinə baxmayaraq komandirinə kömək etmək üçün irəli atılır. Düşmənin atəşi ilə üz-üzə qalır. Güllə ürəyindən keçir. Sinəsində paralanan “zabitin şəxsi kitabçası” kimi arzuları, xəyalları, ümidləri paralanıb Eminlə bərabər yerə yıxılır. Şəhidlik təkcə güllənin dəydiyi yer deyil; şəhidlik insanın öz canını bir dəyərə çevirdiyi andır. Emin Sadıqov o dəyəri döyüşün ən qızğın anında tərəddüdsüz ortaya qoymuşdu. Onun döyüş yoldaşları Habil və Cavanşir axşam düşəndə şəhid Rauf Əsgərovu və şəhid Emin Sadiqovu bölmələrimizin yerləşdiyi yerə gətirirlər. Onlar cansız bədənləri ehtiyatla qaldıranda addımları möhkəm olsa da, əlləri titrəyirdi. Çünki onlar təkcə silahdaş deyildilər; bir-birinin taleyini çiyinlərində daşıyan qardaşlara çevrilmişdilər. Gözlərindən süzülən göz yaşları kövrək olsa da, sərt baxışları deyirdi: Bu qan yerdə qalmayacaq! Eminin şəhid olması döyüş meydanında yalnız bir itki deyil; eyni zamanda yoldaşlıq, vətən sevgisi və qəhrəmanlığın simvolu idi. O gecə külək səngərlərin arasından ehtiyatla keçirdi. Hər güllənin arxasında bir xatirə, hər addımın altında bir şəhidin izi var idi. 

Səhər tezdən Eminin şəhid olduğunu bütün qohumları bilirdilər. Bilirdilər, amma bu xəbəri anaya kim, necə desin – bunu bilmirdilər. Susqunluq xəbərin özündən ağır idi. Gülşad xanım o səhər yuxudan qəribə bir nigarançılıqla oyandı. İçində izah edə bilmədiyi bir sıxıntı vardı, yenə də o, səhər tezdən işə yola düşdü. Yolda onu saxladılar.

– Bu gün işə getmə,– dedilər.– Emin yaralanıb...

Ananın səsi titrədi.

– Eminə bir şey olub? –dedi. Ürəyinə gələn adı dilinə gətirə bilmədi. – Nə olar, deyin…Eminimə bir şey olmayıb? Mən Eminsiz yaşaya bilmərəm.

Ananı Eminin sağ olduğuna inandırdılar. 

Ana ətrafına göz gəzdirəndə ağaclar yarpaqlarını tökür, payız tələsik qışa dönür, göy üzünü qara buludlar bürüyürdü. Ananın ürəyinin ritmi dəyişirdi. Gözündən axan yaşlar artıq damla yox, daş ağırlığında idi. Hər biri sinəsinə düşürdü.

Bütün gün içində bir ah vardı. O ahın içində bir axsaq ümid gizlənmişdi. Oğlunun sağ olmasına dua edirdi. Ana hiss edirdi... amma inanmaq istəmirdi. Hansı ana bu xəbərə hazır ola bilər ki? Gülşad ana telefonunu söndürür ki, hiss etdiyini kimsə səsə çevirməsin. Telefon susurdu, amma ev susmurdu, divarlar susmurdu. Ürək, hələ ürək heç susmurdu. Sükutun səsindən üzərində yorğunluq, səmaya qara buludlar çökür. Göz qapaqları ağırlaşır, gözləri yumulur. Amma bu yuxu istirahət deyildi, bu qəlbin son gücü idi. 

Yuxusuna Emin gəlir. Elə diri, elə tanış...

– Ana, telefonları niyə söndürmüsən?

– Ay oğul, dedilər Emin ölüb...

– Ana, mən ölməmişəm. Mən şəhid olmuşam.

– Emin, nə vaxt gəlirsən? 

– Beşinci gün gəlirəm, ana.

– Axı Naxçıvana şəhidlər ya birinci gün, ya altıncı gün gətirilir?

– Yox, ana. Mən beşinci gün gələcəyəm.

Gülşad ana səhər oyandı. Eminin ona yuxuda verdiyi dəyanətlə səssiz hıçqırıqları boğazında düyünlənmiş yaxınlarına baxdı və dedi:

– Emin şəhid olub. Vətən sağ olsun. Oğlum cümə günü gələcək. Hazırlıqları görün.

Və Emin dediyi gün – cümə günü gəldi. Oktyabrın 30-da Emini son mənzilə yola salmaq üçün Naxçıvanın hava limanından Şahbuzkənd kəndinə qədər minlərlə insan axışdı. Naxçıvan təlatüm içərisində idi... Əllərində Azərbaycan bayrağı tutmuş hər kəs "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirirdi. 

Emin kənddən axırıncı dəfə gedəndə bir dua, bir cüt baxış, bir də “özündən muğayat ol” sözü ilə getmişdi. İndi isə o, el ilə gəlirdi. Eminin nəşini hərbi düzənlə həyətə gətirəndə çarəsiz ana nə edəcəyini bilmirdi. Kənd Emini son mənzilə yola salan gözüyaşlı insanlarla dolu idi. Amma Gülşad ana üçün dünya boşalmışdı. Sanki dünyada bircə oğlu var idi, o da gedirdi... Amma elə bil hər kəs onunla əbədi gedirdi. Bayrağı titrəyə-titrəyə bağrına basdı. Sıxdı, sinəsinə sıxdı. Elə bil balasının özü idi. İnsanın ən gücsüz anı sevdiyini itirdiyi andır. Bundan daha çarəsiz an ola bilməzdi. Vidalaşmaq vaxtı idi. Ananın gücü tükənmişdi, amma ürəyi hələ oğlunu buraxmağa hazır deyildi. 

–Nə olar, – dedi, –qoyun mən də onunla gedim.

Əsgərlər heç nə demədilər. Söz lazım deyildi. Ananın qolundan tutdular. Onu son mənzilə qədər tək qoymadılar. Ananı balasının yanına qaldırdılar. Ana balasını beləcə, son mənzilə özü apardı.  

Oğlum, aldın ağlımı,

Dağ daşımaz ağrımı.

Qəlbindən dəyən güllə

Dəldi, deşdi bağrımı.

Anası Eminlə acılar, həsrətlər içində, içi göynəyə-göynəyə qürur duyurdu. Gözlərindən yaş axırdı, amma başı dik idi. Çünki o, oğlunu Vətənə tapşırırdı.

30 oktyabr 2020-ci ildə Emin Şahbuz rayonunun Şahbuzkənd məzarlığında dəfn olundu.

Azərbaycan 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində baş verən 44 günlük Vətən Müharibəsində zəfər qazanaraq, 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etdi. Torpaqlarımızın azad olmasının müjdəsini anasına Emin verə bilmir. Amma zəfər müjdəsini alan hər kəs Eminin evinə gəlirdi. Yaşlısı da, cavanı da. Əsgər də gəlirdi, zabit də. Şagird də gəlirdi, tələbə də gəlirdi. Hərəsinin üzündə ayrı bir iz vardı, amma hamısının Gülşad anaya dedikləri söz eyni idi.

– Biz hamımız sənin oğullarınıq. 

Gülşad ana onların hər birinə sakit bir vüqarla baxırdı. O baxışda sual yox idi. O baxış qəbul idi. O, hər zaman olduğu kimi Eminin anası olmağın qürurunu yaşayırdı. Ana artıq bilirdi: oğlu öz yerinə oğullar qoyub gedib. 

Və o gündən sonra Gülşad ana bir oğul anası olmadı. O, oğullar anası idi. 

Emin getmədi, o, vətənin ürəyində yaşadı. Emin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.

Gülşad ananın telefonuna zənglər gəlir, amma o, cavab verə bilmirdi – ürəyi bu anda yalnız oğluna bağlı idi. 

Vətən müharibəsində göstərdiyi rəşadətə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sadiqov Emin Rəşadət oğlu 3-cü dərəcəli “ Rəşadət” ordeni ilə təltif edilmişdi.

Ana isə oturub oğlunun fotosuna baxdı. Titrəyən səsi ilə pıçıldadı:

– Rəşadətli oğlum...

Əlləri ilə onun yanağını, saçlarını oxşayırdı, illərin yığılan kədəri və qüruru eyni anda ürəyini doldururdu. 

 

Məftunə Nur (Hüseynbəyli)

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: