NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin tələbələrinin Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindəki təcrübəsi başa çatıb.
Universitetin Memarlıq və Mühəndislik fakültəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının III kurs tələbələrinin təcrübə müddətinin yekunu ilə əlaqədar keçirilən tədbirdə Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə bir sıra ixtisaslar rabitə və yeni texnologiyalar nazirliyinin hamiliyinə verilib.
Nazir müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün lazımi köməklik göstərildiyini vurğulayıb.
Diqqət çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə nazirlik və aidiyyəti təşkilatların təklifləri əsasında startap layihələrinə nəzarət mexanizmini asanlaşdıran internet portalının layihəsi və təqdim ediləcək layihələri qiymətləndirəcək ekspert qrupu yaradılıb. Mayın 8-də isə nazirliyin mütəxəssislərinin iştirakı ilə Naxçıvan Universitetində “İdeyadan-Biznesə” ümumrespublika startap müsabiqəsi təşkil edilib. Nəticədə Naxçıvan şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib, hər 3 komanda ölkə paytaxtında keçiriləcək milli finala dəvət edilib.
Rövşən Məmmədov qeyd edib ki, ötən il Naxçıvan Dövlət Universitetini bitirən 8 məzun nazirliyin müvafiq qurumlarına işə qəbul olunub. Bundan əlavə, nazirliyin dəstəyi ilə mobil operatorlar tərəfindən yaxşı nəticələri olan səkkiz tələbəyə 2018-2019-cu tədris ilində aylıq 200 manat təqaüd verilməsi təmin edilib. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı növbəti müsabiqə 24 may tarixində keçiriləcək və seçilən 6 tələbə “Huawei” şirkətinin Şenjen şəhərindəki təlim mərkəzində istehsalat təcrübəsinə göndəriləcək.
Görüşdə çıxış edənlər istehsalat təcrübəsinin əhəmiyyətindən danışıb, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Röyal Kərimov