Doqquz ayda 276 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

A- A A+

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 275 min 976 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artım deməkdir.

Dövlət Xidmətindən NUHÇIXAN-a bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 51 min 427-si (19 faiz) ilkin, 224 min 549-u (81 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə 3,4 faiz, alqı-satqı üzrə 13,1 faiz, vərəsəlik üzrə 5,4 faiz, bağışlama üzrə 13 faiz, digər əməliyyatlar üzrə aparılan qeydiyyatların sayında isə 17,4 faiz artım müşahidə olunub.

Eyni zamanda, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayında isə 30,1 faiz azalma qeydə alınıb. Bu azalma tempi əsasən “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanının icrasının yekunlaşması ilə bağlıdır.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində mənzillər üzrə aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatı 2,9 faiz, fərdi yaşayış və bağ evləri üzrə 16,8 faiz, qeyri-yaşayış sahələri üzrə 11,6 faiz, qeyri-yaşayış binaları üzrə 9,3 faiz artım, çoxmərtəbəli yaşayış binaları üzrə 26,3 faiz, əmlak kompleksi kimi müəssisələr üzrə 5,6 faiz, torpaq sahələri üzrə isə 0,7 faiz azalma müşahidə olunub. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81 min 239-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Doqquz ay ərzində 49 min 646 ipoteka və 5692 yüklülüyün (icarə və istifadə) dövlət qeydiyyatı aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,9 faiz və 11,5 faiz artım deməkdir. Hesabt dövründə daşınmaz əmlak obyektləri üzrə 193 min 414 texniki pasport tərtib edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: