Baş Prokurorluğun Misirin və Maldivin antikorrupsiya qurumları ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb - FOTOLAR

A- A A+

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü çərçivəsində Baş prokuror Kamran Əliyev Maldivin Korrupsiyaya Qarşı Komissiyasının sədri Adam Şamil və Misirin İnzibati Nəzarət Orqanının sədri Əmr Adel Hosni ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Bu barədə NUHÇIXAN-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi və korrupsiya risklərinin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Prezident İlham Əliyevin 2024-cü il iyunun 8-də Misirə rəsmi səfəri çərçivəsində bu ölkə Prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirdiyi görüşə istinad edilərək, iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoqun, habelə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Tərəflər Azərbaycanın Baş Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Misirin İnzibati Nəzarət Orqanı arasında əlaqələrin genişləndirilməsi, korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkarlanması və araşdırılması sahəsində təcrübə mübadiləsi, habelə səmərəli nəzarət mexanizmlərinin tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Maldivin Korrupsiyaya Qarşı Komissiyasının sədri ilə görüşdə Azərbaycan və Maldiv arasında diplomatik münasibətlərin 1994-cü ildə qurulduğu qeyd olunub, siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. Bu kontekstdə Maldiv Prezidenti Məhəmməd Muizzunun COP29 çərçivəsində Azərbaycana səfəri və tədbirdə iştirakı xatırlanıb.

Tərəflər korrupsiya hüquqpozmalarının qarşısının alınması və aşkar edilməsi, məlumat mübadiləsinin genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və beynəlxalq hüquqi əməkdaşlığın səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər.

Baş prokuror, həmçinin komissiyanın üzvünün də 2025-ci ilin may ayında Bakıda keçirilmiş GlobE Şəbəkəsinin Altıncı Plenar İclasında və İdarəetmə Komitəsinin 10-cu iclasında iştirakını xatırladaraq, bu platformaların beynəlxalq antikorrupsiya əməkdaşlığındakı rolunu qeyd edib.

Hər iki görüşdə antikorrupsiya sahəsində institusional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər müvafiq qurumlar arasında əməkdaşlığın gələcək inkişafına qarşılıqlı maraq ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: