Bir udum nəfəs…

A- A A+

Yer üzündə olan saysız-hesabsız, görünüşcə yaraşıqlı, çoxmərtəbəli xəstəxanalardan, klinikalardan fərqli bir məkanda – təbiət özünün nəsibini dəniz səviyyəsindən 1173 metr hündürlüyə bəxş edib. Yerin altına sığdırdığı möcüzəvi şəfa ocağının girintili-çıxıntılı sal duzların əhatə etdiyi yüz metrlərlə uzanan tunelində irəliləyərkən və duzun möhtəşəm qoxusunu alarkən düşünürəm: Necə ki dünyada çox sayda insanlar var, müxtəlif xəstəliklər də var. Elə bu xətəliklərlə insanlar böyük şəhərlərin ən məşhur xəstəxanalarına, klinikalarına üz tutur, şəfa axtarırlar. Və bu şəfa ocaqlarından əllərində bir xeyli dərman siyahısı olan reseptlərlə ayrılırlar. Bu reseptlər faydalı da ola bilir, faydasız da. Bəs burada – Duzdağ Fizioterapiya Mərkəzində? Bəli, burada xəstəlik deyəndə ilk düşünülən iynələrdən, dərmanlardan fərqli olaraq, sadəcə, bir udum nəfəslədir müalicə. 

Dünyanın neçə-neçə ölkəsindən yuxarı tənəffüs yolları, ağciyər xəstə­likləri və allergiyalardan əziyyət çəkib həkimlərə müraciət edən, bir yığın iynə-dərman müalicəsindən sonra sağlamlığına qovuşa bilməyən yüzlərlə insan üz tutur bu şəfa ocağına. Necə ki qədim diyarımızda dağların zirvəsindən süzülüb gələn bulaqlarımızın suyu, torpaqdan baş qaldıran hər gül-çiçək, ot min bir dərdə dərman, məlhəmdir, bu təbii duz qalereyası da, həqiqətən, öz möcüzəsi ilə müalicə edir insanları. Dörd bir yanda gecənin sayrışan ulduzlarıtək parıldayan duzların möcüzəvi mədəninin ikinci əsas dağ sexində girişdən 300 metr məsafədəki labirintəbənzər ərazisi 110 metr dərinlikdə 10 işlənmiş ştrixdə yerləşir. Qalınlığı 8,2 metrə çatan, tərkibi 98,4 faiz natrium-xlor, 0,04 faiz kalsium, 0,06 faiz maqnezium olan duz qatı təbiiliyi, bir də ki bənzərsiz şaxtaya mənsubluğu ilə şəfa saçır ətrafa. Təbiət bəxşişi olan bu yerdə ən maraqlısı isə budur ki, mərkəzdə gecə və gündüz havanın temperaturu dəyişmədən 18-20 dərəcəyə yaxın qalır. Elə buna görə də dünyanın tibb alimlərinin illərlə baş sındırıb ortaya çıxartdıqları dərman preparatları bu bir udum nəfəs – “duzlu nəfəs” qarşısında aciz qalır.

“Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbovun 2019-cu il 16 may tarixli Sərəncamı Naxçıvanımızın mənsub olduğu təbii sərvətə, eləcə də bu sərvəti keçmişimizdən bu günümüzə daşıyan tariximizə verilən dəyərdir. Sərəncamda deyilir: “Tarixən Naxçıvan Duzdağının və duzunun əhəmiyyəti alimlərin elmi-tədqiqat obyektinə çevrilmiş, geniş arxeoloji tədqiqatlar aparılmış, duzdan səmərəli istifadənin yolları müəyyənləşdirilmişdir. Naxçıvan duzundan məişətdə, sənayedə, təbiətdə və tibdə geniş istifadə olunur… Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Müalicə üçün mərkəzə hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın müraciət olur”. 

Elə mərkəzin baş həkimi Heyran Qazıbəyova da bizimlə söhbətinə ilk olaraq adıçəkilən sərəncamdan böyük məmnuniyyət hissi ilə söz açaraq bu il 40 yaşı tamam olan şəfa ocağının yaranma tarixindən danışır: – Mərkəz 1979-cu ildə 50 çarpayılıq Naxçıvan Fizioterapiya Xəstəxanası kimi fəaliyyətə başlayıb. 80-ci illərdə şəfa ocağında çarpayıların sayı 100-ə çatdırılıb. Ötən 40 il ərzində müalicəyə gələnlərin sayı artdıqca mərkəzin ərazisi də genişləndirilib. Yeraltı və yerüstü şöbələrin müasir səhiyyə müəssisəsinə çevrilməsi isə son 20 ilin payına düşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə 2004-cü ildə Duzdağ şaxtası müasir tələblərə uyğun yenidən qurulub, bir neçə il sonra yeni avadanlıqlarla təchiz edilərək çarpayıların sayı 250-yə çatdırılıb, Duzdağ Fizioterapiya Mərkəzi adlandırılıb. Hazır­da mərkəzin iki bölməsində 474 yer mövcuddur ki, bunun da 127 çarpayılıq bölməsi “Duzdağ” otelinin balansındadır. Mərkəzin 4 qadın palatasında analarla yanaşı, həm də uşaqlar müalicə alırlar. Müraciət edənlərin sayı artdığından kişi palatasında təmir işləri aparılaraq genişləndirilir. Bu iş tamamlandıqdan sonra çarpayıların sayı 65 ədəd artırılacaq və beləliklə, tələbatın daha çox artdığı yay mövsümündə bizə müraciət edən pasiyentlərin yer­ləşdirilməsi üçün heç bir problem olmayacaqdır.

Heyran xanım deyir ki, Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı bronxial-astma və allergik rinit, pollinoz, xroniki bronxit və astmatik komponentli digər xəstələrin müalicəsinin səmərəliliyinə şərait yaradır. Müalicə kursu böyüklər üçün 20-24 seans, uşaqlar üçün 14-18 seansdır. Xəstələr axşam saat 6-dan səhər 8-dək şaxtada olurlar. 2-12 yaşlı uşaqlar gündüz, 12 yaşdan yuxarı uşaqlar isə gecə saat­larında müalicə alırlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə, insan səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma müşahidə olunur.

Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı ikitərəfli əlaqələrə uyğun olaraq 2012-ci ildən başlayaraq hər il Acarıstan Muxtar Respublikasının aztəminatlı ailələrindən olan və tənəffüs yolları xəstə­liklərindən əziyyət çəkən uşaqların Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsi təşkil edilir.

Mərkəzdə yerli sakinlərlə yanaşı, ölkəmizin dəniz sahili və rütubətli bölgələri olan Bakı və Sumqayıt şəhərlərindən, Gəncədən və digər rayonlardan gələn xəstələr də müalicə alırlar. Şəfa ocağının sorağı ilə bura, həmçinin Rusiya Federasiyası, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin də vətəndaşları gəlirlər. 

Mərkəzin baş həkimi maraqlı bir məsələyə də toxunaraq deyir ki, hazır­da ölkəmizin sanatoriya-kurort ehtiyatlarından səmərəli istifadə etməklə əhalinin sağlamlığının qorunması əsas məqsəd kimi qarşıya qoyulub. Belə ki, “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nda da qeyd olunduğu kimi, kurort işi Azərbaycan Respublikasında dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Uzun illər ərzində bu sahədə aparılmış dövlət siyasəti nəticəsində inkişaf etmiş və kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılıb. Ötən il dekabrın 6-dan muxtar respublikanın digər səhiyyə müəssisələri ilə yanaşı, Duzdağ Fizioterapiya Mərkəzində də sanator-kurort müalicələrinə start verilib və əlilliyi olan şəxslərin 10 gün müddətində müalicə kursu keçməsi təşkil edilib. Müalicə prosesində təbii resurslardan istifadə öz bəhrəsini verməyə başlayıb. Odur ki, Duzdağa sanator-kurort yollayışları ilə göndərişlər cari ildə də davam edir.

Fizioterapiya Mərkəzindəki duz tunelində Gürcüstan Respublikasından gələn Turanə Abdullayeva, Sankt-Peterburqdan olan Asmina Şükürova, Gəncə şəhərindən 5 yaşlı qızı Xədicəni müalicəyə gətirən ­Yaqut Hüseynova, Bakı şəhərindən olan Həsən Əliyevlə də həmsöhbət oldum. Turanə üçüncü dəfədir, Duzdağa müalicə almağa gəldiyini deyir. Buradakı təbii duz təbəqəsinin dünyada bənzəri olmadığını söyləyir. İlk dəfə gəlişini xatırlayaraq vəziyyətinin indi xeyli yaxşılaşdığını bildirir.
Balaca Xədicə allergiyadan əziyyət çəkir. Odur ki, anası artıq ikinci dəfədir ki, qızını Duzdağa gətirir. Müalicənin çox faydalı olduğunu söyləyən Yaqut xanım buradakı şəraitdən, həkim və tibb bacılarının səmimi münasibətindən ağızdolusu danışır.
Həsən Əliyev birinci dəfə, həm də həyat yoldaşı ilə birlikdə mərkəzə gəlir. Bronxial-astmadan əziyyət çəkən 55 yaşlı pasiyent dəfələrlə müalicə aldığından, lakin müsbət nəticə əldə etmədiyindən danışır. Deyir ki, son qərarım bu oldu ki, Naxçıvana gəlib təbii yolla müalicə olunum. 

Buradakı müasir infra­struktur, ixtisaslı həkimlərin və texniki heyətin pasiyentlərlə yaxından maraqlanması və digər servislər istər müalicə məqsədilə gələnlər, istərsə də onları müşayiət edənlər üçün yaradılan şəraitdən xəbər verir. Mərkəzdə 3 həkim, 13 orta, 21 kiçik tibb və xidmət işçisi iki növbədə qəbul olunan xəstələrə günboyu xidmət göstərir. Burada kafe, istirahət otağı, kitabxana, mağaza müalicə alan pasiyentlərin ixtiyarındadır. Mərkəzdə diqqəti daha çox çəkən hədiyyəlik əl işləri və yerli məhsulların sərgi-satışı guşəsi oldu. Torpağının altı da, üstü də sərvət olan muxtar respublikamızın onlarla dərman bitkilərindən Şahbuz rayonunda fəaliyyət göstərən “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan bitki çaylarının, keçi­buynuzu və tut bəkməzlərinin, “Badamlı” mineral sularının satışı təşkil olunub bu guşədə. Burada, həmçinin sal duzdan yonulub hazır­lanmış gecə lampaları da satılır ki, bu da, təbii ki, mərkəzə gələn xəstə və qonaqlarda diyarımız haqqında xeyli təəssürat yaradır. Bütün bunlar muxtar respublikamıza gələn turistlərin də ildən-ilə sayının artmasına səbəb olan və səhiyyə turizmini formalaşdıran amillərdir.

Bu möcüzə qaynağı şəfa ocağının insanları sağlamlıqlarına qovuşmağa aparan uzun tuneli ilə geri qayıdarkən, düşünürəm ki, müasir dövrümüzdə məşhur klinikalarda duz otaqları fəaliyyət göstərir. Süni şəkildə yaradılmış duz otaqları. Burada divarlar duz lövhələrlə hörülür, hər gün isə həmin otaqlara əlavə duzlu hava püskürdülür. İnsanlar şəfa tapmaq üçün xeyli xərc çəkib həmin otaqlardan istifadə etsələr də, o klinikalarda müalicə qiymət baxımından Duzdağ Fizioterapiya Mərkəzini xeyli üstələsə də, nəticə etibarilə, buradan çox aşağı səviyyədədir. Çünki duz insan orqanizminə təbii halda daxil olanda asanlıqla mənimsənilir və müsbət təsir göstərir. Elə bu səbəbdəndir ki, bir udum nəfəslə şəfa bəxş edən Duzdağımızın adı ölkə-ölkə dolaşır, dillər əzbərinə çevrilir.

 Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: