Ağdam memorial kompleksinin bərpasından sonra tarixi irsinin beynəlxalq səviyyədə tanınması və turizm marşrutuna daxil edilməsi istiqamətində addımlardan biri bu gün atıldı. Tədbirdən öncə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik tərəfindən bərpadan sonra açılmış Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə xüsusi sertifikat verildi.
NUHÇIXAN xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə apardığı bərpaya göstərdiyi xüsusi diqqətin təzahürüdür və bu yerlərin beynəlxalq səviyyədə tanınması deməkdir.
Xüsusi nümayəndə qeyd edib ki, təkcə Ağdamda deyil, işğaldan azad olunmuş bütün ərazilərdə - Şuşada, Laçında və digər yerlərdə mədəni irsin bərpasına, dirçəldilməsinə və yenidən həyata qaytarılmasına çox həssaslıqla yanaşılır. Bunun üçün ən qabaqcıl mütəxəssislər cəlb olunur.
Emin Hüseynov diqqətə çatdırıb ki, Ağdamdakı “İmarət” Kompleksi artıq qoruqdur və ora çoxsaylı turislər gəlir. Sözsüz ki, yaradılması nəzərdə tutulan digər mədəniyyət layihələri də belə olacaq.
