Atəş altında çap olunan ümid...

A- A A+

1980-ci illərin sonları... Xalqımızın sabaha olan ümidlərinin tükəndiyi, gələcəyə inamın getdikcə kölgəyə çəkildiyi ağır və mürəkkəb bir dövr... Ermənilərin torpaqlarımıza qarşı ərazi iddialarının açıq şəkildə səsləndirildiyi, Sədərəkdə qanlı hadisələrin yaşandığı, Qarabağın üzük qaşı kimi mühasirəyə alındığı çətin illər... Belə bir zamanda ona olduqca ağır və məsuliyyətli bir vəzifə tapşırıldı. Sözün, qələmin və mətbuatın böyük əhəmiyyət daşıdığı həmin tarixi məqamda bu təklifi geri çevirmək mümkün deyildi. Çünki xalqın səsinə çevriləcək, dövrün reallıqlarını cəsarətlə qələmə alacaq peşəkar söz adamlarına böyük ehtiyac vardı. Muxtar respublikanın güzgüsü rolunu oynayan qəzetə rəhbərlik etmək isə sadəcə bir vəzifə deyildi. Bu böyük məsuliyyət idi. Qələm adamından möhkəm iradə və yüksək peşəkarlıq tələb edirdi...

Haqqında danışdığımız şəxs 1986–1990-ci illərdə “Şərq qapısı” qəzetinin baş redaktoru olmuş yazıçı-publisist, jurnalist Akif Axundovdur. 20-dən artıq bədii kitabın, onlarla hekayə və məqalənin müəllifi hazırda Bakı şəhərində yaşayır. Qəzetin 105 illiyi ərəfəsində Akif müəllimlə əlaqə saxladıq, “Şərq qapısı” ilə bağlı xatirələrini eşitdik.

Əvvəla, onu qeyd edək ki, Akif Axundov Şərur rayonunun Qışlaqabbas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetində təhsil alıb. Müxtəlif illərdə indiki “Xalq qəzeti”nin Qarabağ-Laçın və Şəki-Zaqatala bölgələri üzrə xüsusi müxbiri, “Sovet Naxçıvanı” və “Şərq qapısı” qəzetlərinin baş redaktoru, Naxçıvan MR Mədəniyyət Fondunun sədri, Naxçıvan tele-radio şirkətində şöbə müdiri və baş redaktor vəzifələrində çalışıb. 30-a yaxın kitabın müəllifidir. Yaradıcılığında daha çox detektiv janra müraciət edib.

Akif müəllimin yaradıcılığı barədə uzun illərdir məlumatlı idim. Ancaq paytaxtda bir neçə dəfə olsam da, onunla görüşüb söhbət edə bilməmişdik. Nəhayət, “Şərq qapısı” qəzetinin 105 illiyi ərəfəsində telefon vasitəsilə əlaqə saxladıq. Hal-əhval tutduqdan sonra söhbətə başladıq.

Akif müəllim mətbuat aləminə ilk addımlarını xatırlayarkən deyir ki, onun jurnalistika ilə ilk tanışlığı 1967-ci ildə Naxçıvan televiziyasında çalışdığı dövrə təsadüf edir. Həmin vaxt ali təhsil alan Akif müəllim Filologiya fakültəsində oxusa da, jurnalistikaya xüsusi maraq göstərir, kiçik hekayələr və publisistik yazılar qələmə alırdı:

“Belə oldu ki, o zaman televiziyanın sədri Fərman Tağıyev məni televiziyaya kiçik redaktor vəzifəsinə qəbul etdi. Həmin illərdə televiziyada işləmək olduqca çətin və məsuliyyətli idi. Yaradıcı potensial o qədər də güclü deyildi, texniki avadanlıqların əksəriyyətinin isə istismar müddəti başa çatmışdı. Bir çox texnika tez-tez sıradan çıxır, iş prosesində müəyyən çətinliklər yaradırdı”.

O dövrdə Naxçıvan televiziyasında cəmi üç şöbə fəaliyyət göstərirdi. Akif müəllim də “İctimai əlaqələr şöbəsi”ndə əmək fəaliyyətinə başladı. Burada qazandığı ilk təcrübələr onun sonrakı jurnalistlik fəaliyyətində mühüm rol oynadı. Lakin təhsilini davam etdirmək üçün bir müddət sonra yenidən Bakıya – Ali Partiya Məktəbinə yollandı. Bununla belə, jurnalistika ilə əlaqəsini heç vaxt kəsmədi. Mətbuat sevgisi və yaradıcılığa olan marağı onu illər boyu bu sahəyə bağladı.

Müsahibimizin sonrakı illərdə fəaliyyəti “Xalq qəzeti” ilə (o zamanlar “Kommunist”) bağlandı. 1978-ci ildə Ali Partiya Məktəbində təhsil aldığı illərdə Qarabağ-Laçın və Şəki-Zaqatala bölgələri üzrə xüsusi müxbir vəzifəsində əmək fəaliyyətini davam etdirdi. Həmin illəri yada salaraq deyir: “Həmin illərdə qəzetin baş redaktoru Rəşid Mahmudov idi. O, məni və gənc jurnalist Ağaqulu Niftəliyevi qəbul edib müəyyən tapşırıqlar verdi ki, siz bölgə müxbiri kimi maraqlı yazılarla, operativ xəbərlərlə çıxış etməli, təyin olunduğunuz bölgənin ictimai-siyasi, sosial və mədəni həyatını işıqlandırmalısınız. Ağaqulu Niftəliyev gənc və həvəsli idi, ancaq ilk vaxtlar yazıları çap olunmadı. Həbib müəllim çox prinsipial adam idi. Zəif yazını heç bir zaman qəzetə verməzdi. Buna görə Ağaqulunun yazısını 6 ay redaksiyada saxladı. Ancaq taleyim gətirdi ki, mənim yazılarım elə ilk vaxtlardan bəyənildi. Həbib müəllim yazıları yüksək qiymətləndirdi və qəzetdə çap etdi. Həmin dövrlərdə qəzet, sözün əsl mənasında, yaradıcılıq məktəbi idi. Ölkənin ən nüfuzlu jurnalistləri – Sadıq Qarayev, Rafael Nağıyev, Əhməd İsayev kimi görkəmli qələm sahibləri burada çalışırdı. “Xalq qəzeti”nin Naxçıvan bölgəsi üzrə xüsusi müxbiri Əli İldırımoğlu idi”.

Akif müəllim “Şərq qapısı” qəzetinə gəldiyi illəri xatırlayarkən həmin dövrün ölkənin ən mürəkkəb və çətin vaxtlarına təsadüf etdiyini deyir. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən İttifaqın müxtəlif guşələrində cərəyan edən siyasi proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr mətbuatdan da yan keçmirdi: “Bir sözlə, çətin illər idi. Mənə qəzetin baş redaktoru vəzifəsi ilk dəfə təklif olunanda getmək istəməmişdim. Çünki dövlət tərəfindən qəzetə ciddi nəzarət vardı. İstədiyimiz materialları sərbəst şəkildə dərc edə bilmirdik. İlk vaxtlar müxtəlif bəhanələr gətirərək özümü qəzetdən uzaqlaşdırmağa çalışdım. Ancaq iki il sonra – 1986-ci ildə artıq bu bəhanələr də məni vəziyyətdən çıxara bilmədi. Təsəvvür edin, həmin illərdə Azərbaycan SSR-in birinci katibi Kamran Bağırov məni qəbul edərək “Şərq qapısı” qəzetinin baş redaktoru olmağımı təklif etdi. Cavabımda bildirdim ki, qəzet “Sovet Naxçıvanı” adı ilə rus dilində də nəşr olunur. Mənim rus dilim olduqca zəifdir, qrammatikanı da yaxşı bilmirəm. Kamran müəllim isə soruşdu: “Bəs rus dilini bilmirdinsə, uzun illər “Kommunist” qəzetində necə çalışdın?” Beləcə, bu təklifi qəbul etməkdən başqa yolum qalmadı. Həm də o dövrdə rəhbərliyin təklifini geri çevirmək elə də yaxşı qarşılanan hal deyildi”.

Beləliklə, Akif müəllimin “Şərq qapısı”nda baş redaktor kimi fəaliyyətə başlaması qəzetin tarixində mürəkkəb və mühüm bir mərhələyə təsadüf etdi. Müsahibimiz deyir ki, həmin illərdə ölkənin siyasi gündəmi də sürətlə dəyişirdi. Ermənilər Qarabağda fəallaşmağa başlamış, azərbaycanlılara qarşı düşmənçilik mövqeyi nümayiş etdirir, müxtəlif terror aktları törədirdilər. Bu hadisələr təbii ki, mətbuatın da diqqətindən kənarda qalmırdı.

Akif Axundov həmin illəri yada salaraq deyir: “Ölkədə baş verən bu hadisələr təbii ki, mətbuatın diqqətindən kənarda qalmırdı. Həmin dövrlərdə Azərbaycanda mövcud hakimiyyətə qarşı etiraz dalğası yaranmadığından mətbuat bu barədə yazılara yer vermirdi. Hətta qəzetlərin baş redaktorlarına tapşırıq verilmişdi ki, belə çətin dövrlərdə biz yenə qardaşlığa, dostluğa tərəf addım atmalıyıq. Bu istiqamətdə yazılar yazmalı, ittifaq daxilində xalqlar arasında düşmənçilik yaratmamalıyıq. Bizdən tələb olunan bu olsa da, reallıq tamam başqa idi. Bilirdik ki, azərbaycanlılara qarşı vəziyyət ürəkaçan deyil. Belə bir zamanda insanları ermənilərlə dostluğa çağırmaq, xalqın gözündə nüfuzunu itirmək, həqiqətin üzünə pərdə çəkmək idi. Təbii ki, razılaşa bilməzdim. Yazılarımızda da mümkün qədər – bəzən sətiraltı şəkildə, bəzən də açıq şəkildə bunları qeyd edirdik. Tək ümidimiz Azərbaycanın tezliklə bu dəhşətli hadisələrdən xilas olması, ölkəmizin azadlıq əldə edərək aydın günlərə qovuşması idi. Bütün tənqidlərə, təhdidlərə, hədə-qorxulara baxmayaraq, qəzetin ruhunu, qələmimizin mürəkkəbini bir ümidə kökləmişdik – Vətənin azadlığına, müstəqilliyinə”.

Akif Axundov deyir ki, həmin illərdə qəzetdə çap etdirdiyi yazılara görə dəfələrlə rəhbərlik tərəfindən tənqid olunub. Hətta təzyiqlərdən sonra istefa ərizəsi də yazıb. Lakin müəyyən bəhanələrlə onun bu istəyini reallaşdırmayıblar: “1989-cu ilin sonları idi. Dostum Əli Şamilov bir gün gəlib dedi ki, Akif müəllim, bir nəfər qadın gəlib sizinlə görüşmək istəyir. Qəbul etdim. Həmin qadın erməni əlində zülm görmüş minlərlə soydaşımızdan biri idi. Adını, təəssüf ki, unutmuşam. Ancaq üzünü, gözlərindəki o dəhşəti əsla unutmuram.

Qadın danışırdı ki, yaşadığımız rayonda ermənilər körpə balalarıma, soydaşlarımıza olmazın əzab-əziyyətlərini verirlər, körpə uşaqları, hamilə qadınları xüsusi amansızlıqla qətlə yetirirlər. Belə bir zamanda mətbuatımız nə üçün susub? Bu hadisə mənə o qədər təsir etdi ki... Qəzetin növbəti sayında dördüncü səhifəyə heç bir materialın verilməməsini tapşırdım. Çünki qabaqcadan etiraz xarakterli yazıları qəzetdə versəydik, qarşısı rəhbərlik tərəfindən alına bilərdi. Buna görə qəzetin çapına az qalmış Naxçıvanın tanınmış şair və jurnalistlərinə tapşırdım ki, ermənilərin törətdiyi bu soyqırımını özündə ehtiva edən yazılar, şeirlər yazsınlar. Yazdılar. Qəzetdə çap etdik. Və ertəsi gün muxtar respublikada, hətta ölkədə böyük şok effekti yaratdı”.

Akif müəllim qəzetə rəhbərlik etdiyi dövrlər, ümumilikdə, etirazlarla, cəsarətli çıxışlarla, məhdudiyyətlərlə yadda qalıb. Hətta qəzetin adının “Sovet Naxçıvanı”ndan dəyişdirilərək yenidən “Şərq qapısı” adlandırılmasında da onun əməyi danılmazdır. Məhz Akif müəllimin kəskin etirazları ilə bu qəzetin adı bərpa edilərək köhnə adına – “Şərq qapısı”na qayıtdı.

Müsahibimizin “Şərq qapısı” ilə bağlı xatirələri həsrətli, ağrılı olmaqla yanaşı həm də ümidlidir. O, həmin illərdən danışanda, sanki hələ də səsində ümid qığılcımları şölələnir. Bir zamanlar tənqid atəşi altında, məhdudiyyətlərlə çap etdirdiyi qəzetin tarixinə - atəş altında nəşr olunan ümidə ötəri nəzər salır. Çox da dərinə getməyə, hadisələri təfsilatı ilə danışmağa ehtiyac duymur. Hiss edirsən ki, onun danışmaq istəyib danışa bilmədiyi, yaxud danışmaq istəmədiyi daha neçə-neçə belə xatirələr var. Yəqin ki, yaşın gətirdiyi müdrikliklə əlaqəlidir. 83 yaş az deyil ki... Buna baxmayarq, Akif müəllim özünü olduqca gümrah və sağlam hiss edir, mətbuatda dərc olunan yazıları oxuyur, rəy bildirir. O, söhbət zamanı 105 yaşılı “Şərq qapısı”na öz təbriklərini çatdıraraq deyir ki, dünyanın belə sürətlə dəyişdiyi bir zamanda qəzet çap etdirmək olduqca nəcib və xeyirxah işdir. Deməli hələ də ümidimiz var.

Akif müəllimlə müsahibəni tamamlayıb sağollaşarkən mən də istər-istəməz bu sözləri pıçıldadım: ...ümidimiz heç bir zaman tükənməsin...

Məcid RƏŞADƏTOĞLU

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: