Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnən faciəli hadisə və bundan sonra yaranan insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasının açıqlamasında öz əksini tapıb.
Qeyd edilib ki, belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan, media nümayəndələrinin olayla maraqlanmaları, ictimaiyyətin informasiya ehtiyacının qarşılanmasına çalışmaları jurnalist missiyanın tərkib hissəsidir.
Azərbaycan Mətbuat Şurası “Real TV”nin əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələrini yolverilməz hesab edir. Şura bildirib ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir. Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələnin həlli zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
Azərbaycan Mətbuat Şurası, eyni zamanda, vurğulayıb ki, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılmasında, xüsusilə azyaşlılar və yeniyetmələrin iştirakı ilə bağlı insidentlər zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri də ciddi şəkildə gözlənilməlidir.
Mətbuat Şurası ümid edir ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcək.
