Oğlanqalada tədqiqat işlərinə başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, ABŞ-Azərbaycan müştərək beynəlxalq arxeoloji ekspedisiyası qədim şəhər dövlətinin mərkəzi olan Oğlanqala yaşayış yerində tədqiqat işləri aparır.

400 kvadratmetr ərazidə aparılan qazıntı işlərinə may ayının 20-dən başlanılıb. Tədqiqatların əsas məqsədi isə Naxçıvanın antik dövrə aid tarixi və mədəniyyətinin öyrənilməsidir. Qeyd edək ki, Oğlanqala eramızdan əvvəl 4-cü əsrdə Azərbaycanda formalaşan Atropatena dövlətinin əsas inzibati, siyasi mərkəzlərindən biri olub. Ötən illərdə qədim yaşayış yerində aparılan tədqiqatlar zamanı Atropatena dövrü ilə bağlı müəyyən tapıntılar əldə edilsə də həmin dövrə aid yaşayış binalarının, qala  divarlarının planları tamamilə aşkara çıxarılmayıb. Ancaq builki tədqiqatlar zamanı ərazidə antik dövrə aid yaşayış binalarının qalıqları, qəbir abidələri və müxtəlif formalı keramika nümunələri aşkar edilib.

ABŞ-ın Pensilvaniya Universitetinin tarixçi alimi, arxeoloq Lauren Rissvet  bu yaşayış yerinin böyük sahəyə malik olduğunu və Oğlanqala mərkəz olmaqla ərazidə bir çox qala-şəhərlər yerləşdiyini bildirib. Buranın bütün Qafqaz regionunun mərkəzlərindən biri olmaqla mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını qeyd edib.

Ərazidə aparılan araşdırmalar zamanı Atropatena dövlətinə aid çoxlu dəlillər toplanıb, bu dövlətin digər dövlətlərlə və xalqlarla olan əlaqələrinə dair tapıntılar da əldə edilib. Bu qədim yaşayış məskəni Naxçıvan üçün mühüm əhəmiyyətə malikdir.

Qədim tarixə malik Oğlanqala yaşayış yerində arxeoloji tədqiqatların iyun ayının 15-nə kimi davam etdiriləcəyi gözlənilir.

Vaqif Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: