Duzdağ Fizioterapiya Mərkəzinin 40 illiyi qeyd olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Duzdağ Fizioterapiya Mərkəzinin yaranmasının 40 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək Duzdağ Fizioterapiya Mərkəzinin yaradılması tarixindən bəhs ediblər.

Qeyd olunub ki, 1927-ci ildən sənaye üsulu ilə çıxarılan Naxçıvan duzunun təbabətdə istifadəsi ilə bağlı Ümummilli liderin tapşırıq və göstərişlərinə uyğun olaraq ötən əsrin əsrin 70-ci illərindən etibarən duz mədəni bazasında xəstəxana qurulması işinə başlanılıb.  Naxçıvan Fizioterapiya Xəstəxanasının fəaliyyətə başlaması ilə Duzdağ duzundan ağciyər-bronx sistemi xəstəliklərinin müalicəsində istifadə olunub. Hər il ölkəmizdən və xaricdən minlərlə insan müalicə üçün Mərkəzə müraciət edir.

Vurğulanıb ki, 2017-ci ildə Ali Məclis Sədrinin Sərəncamı ilə Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib.

Naxçıvan duzunun tarixdə oynadığı rolu nəzərə alaraq aparılan elmi tədqiqatların nəticələri 1 monoqrafiya, 9 kitab, 80-dən yuxarı elmi məqalədə  sistemləşdirilib. Duzdağda aparılan elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin Sərəncamı ilə 2018-ci ildə Duz Muzeyi fəaliyyətə başlayıb.

O da bildirilib ki,  Duzdağ Fizioterapiya Mərkəzinin tibbi əhəmiyyətini və səhiyyə turizminin inkişafındakı rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb və  Tədbirlər Planı təsdiq edilib.  

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov “Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi turizmdə rolu”, Azərbaycan Tibb Universitetinin “Allerqologiya və immunologiya” kafedrasının müdiri, Bakı şəhərinin baş allerqoloqu Lalə Allahverdiyeva “Bronxial astma xəstəliyində Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində aparılan müalicənin effektivliyi ”, Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Heyran Qazıbəyova  və  digərləri mövzu ilə bağlı çıxış ediblər.

Sonra bir qrup səhiyyə işçisinə qiymətli hədiyyə və pul mükafatları təqdim olunub.

Tədbirdə Naxçıvan Televiziyasının hazırladığı “Duzdağ Fizioterapiya Mərkəzi 40” filmi nümayiş olunub.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestri çıxış edib.

                                                                Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: