Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb.
Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinali oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi irəli sürülüb.
İclasda namizədlər də iştirak edirlər. Belə ki, xanım namizədlər birbaşa, Ceyhun Qaracayev isə xaricdə olduğundan onlayn qoşulub.
Qeyd edək ki, Səbinə Əliyeva hazırda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilidir. Ceyhun Qaracayev Azərbaycan Konstitusiya Məhkəməsinin hakimidir. Hüquq elmləri doktorudur. Elşanə Vəliyeva isə Azərbaycan Ali Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvüdür.
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün 3 şəxsin namizədliyini təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı qərar qəbul edir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
