Azərbaycanda bu ilin 9 ayında narkotiklərlə bağlı cinayətlərin statistikası açıqlanıb

A- A A+

Yanvar-sentyabr ayları ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmiş cinayətlərin 171-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 650 kiloqram 483,818 qram və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qram güclü təsir edən maddə və 1,018 qram prekursor müsadirə edilib.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-sentyabr aylarının yekununa dair məlumatında bildirilib.

Qeyd olunub ki, 2396 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 2 ton 114 kiloqram 758,91 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib. Təhlil göstərir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 269, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 370, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 32, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 33, qrup halında törədilən cinayətlərin sayı 48, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 29 nəfər azalıb. Həmçinin məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 99 nəfər, narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 133 fakt və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 710 kiloqram 842,968 qram artıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 7 ton 236 kiloqram 769,263 qramını (86,0 faizi) marixuana təşkil edib. Onun da 6 ton 122 kiloqram 042,203 qramı (84,5 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 1 ton 114 kiloqram 727,06 qramı (15,4 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: