Günnüt çiçəkləri - FOTOLAR

A- A A+

Bir il əvvəl bu zamanlar. Yaxın keçmişdən xəbər verən bu tarixdə, təqvimin məhz bu günlərində qələbə xəbəri “Bəşəriyyətin beşiyi” olan Naxçıvandan bütün ölkəyə yayılmışdı. Kütləvi İnformasiya Vasitələrində çalışan insanlar olaraq hər gün dinləyiciyə, oxucuya, tamaşaçıya müxtəlif xəbərlər  çatdırsaq da, bu xəbər digərlərindən fərqlənirdi. Qələbə xəbəri idi bu! Efirdə aparıcının səsini titrədən xəbər. Qısaca, onu eşitmək də, kağıza tökmək də, paylaşmaq da bu qədər həyəcan verici idi...

Ardınca eşidən, məlumatı olan hər kəsin sevinclə qələbə xəbərini bir-biri ilə paylaşması, sosial şəbəkələr vasitəsilə ruh yüksəkliyi ilə "Yolumuz Qarabağa" başlığı altında  fikirlərin, "qələbə" hastagı ilə şəkillərin paylaşılması. Görünür bu xəbər kimliyindən, işindən asılı olmayaraq coşdurmuşdu hər bir Azərbaycan vətəndaşını.

Qələbədən sonrakı istək isə bu torpaqlara ayaq basmaq idi. Təbii ki, hamının bu  arzusu gerçəkləşmədi. Lakin yolun kənarındakı yolu işarə edən “Günnüt” yazılmış plakatı görmək belə kifayət edirdi. Müəyyən səbəblərdən həmin ərəfə olmasa da nəhayətində bizi oraya aparacaq olan yol vardı.

Bir qrup mətbuat nümayəndəsi də çəkiliş üçün Günnütə yollanmışdı. Onların arasında “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru da vardı.  Qayıdanda günəşdən yanmış əllərində bir dəstə sarı güllər gətirmişdi. O güllər xüsusi olaraq  “Nuhçıxan” yazılan plakatın qarşısında qoyuldu. Maraqlıdır ki, o güllər  qurumuş olsalar belə hələ də iş otağımızı bəzəyir. Öz övladlarının ayaq izinə həsrət qalan torpaqlardan toplanmışdı onlar. Çiçəklərin adının nə olduğunu bilmədim, amma gətirildiyi yerə görə “Günnüt çiçəkləri” adını verdik ona.

Yaşlı nəsillə söhbətlərdə onlar həmişə deyirlər ki, siz bu günün gənclərinin bəxti gətirib, bu ölkənin yaşanmalı, güzəranının yaxşı zamanında dünyaya gəlmisiniz. Çətinlik, aclıq görməmisiniz, saatlarla çörək növbəsi gözləməmisiniz. Ən əsası isə müharibəyə şahidlik etməmisiniz. Onun fəsadları ilə üz-üzə gəlib, o xəbərin həyəcanını duymamısınız. Ölkənin bir başında qanlı qətliam baş verəndə, soydaşlarınızın alnına silah dayananda, soyumuz qırılanda, sərvətimiz talan olanda ölkənin bu başında ya heç nədən xəbərsiz oturub, ya da əli-qolu bağlı oturub ürək titrəməsi ilə görəsən necə oldu? nə olacaq? kimi suallarla beyninizi qurcalamamısınız. Buna görə də qələbə xəbəri də siz gəncləri bizim qədər həyəcanlandıra, sevindirə bilməz. Bəlkə də haqlıdılar. Deyirlər ki, çətin günün əziyyətini çəkməyən yaxşı günün qədrini bilməzmiş. Bəlkə də elə bu fikirdən ürəklənib dilə gətirirlər bu sözləri. Lakin 25 yaşında olan bir gənc olaraq deyə bilərəm ki, bəli, bəxtimiz yeyin olduğundan gəncliyimiz ölkənin yaşanmalı zamanlarına təsadüf etsə, həmin çətinliklərin canlı şahidi olmasaq da bu barədə istər kitablardan, istərsə də canlı şahidlərdən kifayət qədər eşitmişik. Qələbə əzmiylə böyüdülmüşük. Vətənin nəinki bir qarışını güzəştə getməyi, əksinə, onu qarış-qarış toplamağımız üçün mübarizə ruhu  aşılana- aşılana gəlmişik bu yaşa. Zənnimcə, doğulandan bəri Vətəni parçalanmış şəkildə görən gənclik olaraq, bizim olduğunu bilə-bilə gedib görə bilmədiyimiz, ayağımızın dəymədiyi, sadəcə adını zehni və göz yaddaşımıza yazdığımız torpaqların azad olunması heç şübhəsiz ki, bu gəncliyi də coşdurar . Oraları görməyin, evimizin bir küncü kimi rahatlıqla gedib gəlməyin coşğusunu hər bir vətəndaşımız eyni dərəcədə yaşayar. Vətəndaşın da gənci-qocasımı olar? Əslində qazanılan qələbələrdə,  birlikdə yaşanan qürur, paylaşılan sevincdə də öz əksini tapır bu. Təki paylaşdığımız, paylaşacağımız tək şey sevinc, qələbə xəbərləri, xoş günlər olsun. Təki yolumuz qələbəyə getsin. Addım-addım Qarabağa… 

Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: