Sosial müavinətlərin artımı ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli fərmanı ilə, müharibə veteranlarına 55 manat məbləğində kommunal, nəqliyyat və digər xidmətlərə görə ödənilən sosial müavinətin əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Bununla yanaşı, ölkə başçısının eyni tarixli növbəti Fərmanı ilə ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslər üçün də 100 manat məbləğində Prezident təqaüdü təsis olunub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, artıq muxtar respublikada sözügedən təqaüdlərin də artımla ödənilməsinə başlanılıb.
Qeyd edək ki, Prezident təqaüdləri üzrə artımlar aprel ayının ilk günündən hesablanmaqla ödənilib. Təbii ki, həyata keçirilən bu tədbirlər əhalinin sosial müdafiəsinə göstərilən dövlət qayğısının növbəti təzahürüdür.