Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfərin İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, ərazi qapadılıb və sərhəd pozucularının saxlanılması məqsədilə zəruri tədbirlər görülüb.
Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 128 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən İran vətəndaşları saxlanılıblar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
