Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb - FOTOLAR
Koreya Respublikasının Çanqvon şəhərində keçirilən 21-ci “Miqrantların Ariranq Multikultural Festivalı”nda (MAMF) Azərbaycan mədəniyyəti tanıdılıb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) maliyyə dəstəyi ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin zəngin tarixi və mədəni irsi, milli geyimləri, kəlağayı sənəti, ənənəvi çay mədəniyyəti və milli musiqisi koreyalı və əcnəbi ziyarətçilərə təqdim olunub. Festival iştirakçıları Azərbaycan xalqının milli adət-ənənələri və mədəni dəyərləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Azərbaycan guşəsi müxtəlif xalqlar arasında mədəni dialoqun təşviqinə və ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verib.
Koreyada yaşayan soydaşlarımızdan Günay Kərimovanın rəhbərliyi ilə həyata keçirilən layihədə Leyla Məsimli və Əzizə Hüseynzadə də fəal iştirak ediblər.
Qeyd edək ki, Cənubi Koreyanın ən böyük multikultural festivallarından biri olan MAMF yerli hökumət, Kyonqsannam əyaləti Miqrant İşçilərin Rifahı Mərkəzi və Çanqvon Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilir.