Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, nazirlik ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində muxtar respublikada “Gələcəyin İKT sahəsindəki toxumları” adlı dördüncü proqram-layihənin seçim turu keçirilib. Proqram-layihə çərçivəsində komissiya üzvləri tərəfindən seçim-turunda iştirak etmiş 12 nəfər tələbə arasından informasiya-kommunikasiya texnologiyaları sahəsində biliyə malik olan və özünü ingilis dilində kifayət qədər təqdim etmə bacarığına sahib ən yaxşı 6 tələbə seçilib. Seçilən tələbələr bu ilin iyul ayında Çin Xalq Respublikasına 2 həftəlik istehsalat təcrübəsinə göndəriləcəklər.
Çin Xalq Respublikasına istehsalat təcrübəsinə göndərilən tələbələr proqram çərçivəsində “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən baş ofisinin təlim mərkəzində müasir texnologiyaların öyrənilməsi və istehsalı üzrə təlimlər keçəcəklər. Tələbələrin ən qabaqcıl texnologiyalar haqqında ətraflı məlumat əldə etməsi məqsədilə təşkil edilən təcrübə kursu şirkətin ayrı-ayrı peşəkar mütəxəssisləri tərəfindən aparılır.