Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, mayın 24-də Şərur rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylərin fondlarının zənginləşdirilməsi sahəsində görüləcək işlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Qumral Əsədova qeyd edib ki, artıq muxtar respublika sakinlərinin təqdim etdikləri əhəmiyyətli əşyaların muzeylərə təqdimat mərasimlərinin keçirilməsi ənənə halını alıb. Son dövrlərdə aksiya xarakteri almış bu tədbirlərdə ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri də yaxından iştirak edirlər.
Müzakirə olunan məsələ ilə əlaqədar Naxçıvan şəhərində yerləşən muzey direktorlarının məruzələri dinlənilib. Müasir şəraitdə muzeylərin zənginləşdirilməsi üçün eksponat toplanması sahəsində muzeylərin işi, bu sahədə mövcud mənbələrdən istifadənin vəziyyəti və digər məsələlər müzakirə edilib.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.