Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, nazirliyin təşkilatçılığı və Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində Daxili İşlər və Kənd Təsərrüfatı Nazirliklərinin, Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti və Bərəkət Toxumçuluq Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı maarifləndirici tədbir olub. Həmçinin biçin zamanı taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikaları və aqreqatların hazırlığı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədov qarşıda duran vəzifələr və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Muxtar respublikanın ərazilərində biçin dövrü ərzində taxıl zəmilərində işləyəcək kombaynların və digər kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş tədbirlər haqqında məlumat verilib. O cümlədən ot-taxıl biçini dövründə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması və biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri və digər tədbirlər diqqətə çatdırılıb.
İştirakçıların sualları cavablandırılıb, ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı slaydlar təqdim olunub.
Bu sahədə maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.