Qarın boşluğunun ultrasəs müayinələrinin təhlilini sürətləndirə bilən yeni sistem hazırlanıb

A- A A+

Amerika Birləşmiş Ştatları alimləri qarın boşluğunun ultrasəs müayinələrinin nəticələrini daha sürətli və dəqiq təhlil etməyə imkan verən yeni süni intellekt sistemi ərsəyə gətiriblər. Bu texnologiya, xüsusilə təcili tibbi müdaxiləyə ehtiyacı olan xəstələrin vaxtında müəyyənləşdirilməsinə və müalicə prosesinin sürətləndirilməsinə kömək edə bilər.

NUHÇIXAN xəbər verir ki, Kolorado Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan sistem ultrasəs görüntülərini laboratoriya analizlərindən əldə edilən klinik məlumatlarla birləşdirərək qiymətləndirir. Süni intellekt agenti qarın boşluğunun sağ yuxarı hissəsində yerləşən qaraciyər, öd kisəsi, sağ böyrək və mədəaltı vəzin bir hissəsini görüntüləyən ultrasəs müayinələrinin nəticələrini təhlil edib.

“Nature Communications” jurnalında dərc olunan araşdırmada alimlər görmə-dil modeli (VLM) əsasında hazırlanmış sistemin 16 geniş yayılmış diaqnozu müəyyənləşdirmək, xəstənin vəziyyətini qiymətləndirmək və tibbi hesabatlar hazırlamaq imkanlarını sınaqdan keçiriblər.

Tədqiqat zamanı Stanford Universiteti, Kolorado Universiteti və Cons Hopkins Universitetindən əldə edilmiş təxminən 11 min ultrasəs müayinəsinin məlumatlarından istifadə olunub. Süni intellektin hazırladığı 100 hesabat isə dəqiqlik baxımından mütəxəssislər tərəfindən ayrıca yoxlanılıb. Nəticələrə görə, sistem ultrasəs müayinələrində müvafiq diaqnozları 99,6 faiz hallarda düzgün müəyyən edib. Bununla belə, hesabatlarda müəyyən səhvlərə də yol verilib. Tədqiqatçılar bildiriblər ki, bu səhvlər radioloqlar tərəfindən aşkar edilərək düzəldilə bilər.

Araşdırmanın müəllifi, Kolorado Universitetinin radiologiya kafedrasının dosenti Harrison Bai vurğulayıb ki, yeni texnologiyanın məqsədi həkimləri əvəz etmək deyil. Sistem radioloqların iş yükünü azaltmaq, onların müayinələrinin nəticələrini daha operativ qiymətləndirməsinə və hesabat hazırlamasına kömək etmək üçün nəzərdə tutulub.

Tədqiqatçılar qeyd edirlər ki, hazırda radioloqların üzərinə düşən iş yükü artır, tibbi görüntüləmə müayinələrinə tələbat isə genişlənir. Bundan əlavə, ultrasəs görüntülərinin təhlili mütəxəssislərin təcrübəsindən asılı olaraq fərqlənə bilər. Süni intellektdən istifadə nəticələrin daha standart və ardıcıl qiymətləndirilməsinə kömək edə bilər.

Bununla belə, sistemin gündəlik klinik praktikada geniş tətbiqindən əvvəl əlavə sınaqlara ehtiyac var. Alimlər süni intellektlə həkim əməkdaşlığının diaqnostik dəqiqliyə, tibbi xidmətin səmərəliliyinə və xəstələrin sağlamlıq nəticələrinə təsirini real şəraitdə araşdırmağı planlaşdırırlar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: