Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, universitetdə V Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı keçirilib. Konfransda muxtar respublikada arıçılıqla məşğul olan iri təsərrüfat sahibləri, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyi, AMEA Zoologiya İnstitutu, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Türkiyənin Bursa Uludağ Universiteti, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Peşəkar Arıçılar Birliyi, Gəncə Dövlət Universiteti, ARTN-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Baytarlıq Xidmətinin əməkdaşları iştirak edib.
Konfransda Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada arıçılığa göstərilən dövlət qayğısından danışıb.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov bildirib ki, muxtar respublikanın coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü ilə yanaşı, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan edilməsi arıçılığın genişləndirilməsinə stimul verir. Vurğulanıb ki, son beş ildə təsərrüfat subyektlərinə 1 milyon 778 min 300 manat kredit verilib. Arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılıb. Muxtar respublikada 2016-cı ildən başlayaraq “Arıçılıq məhsulları – bal festivalı” keçirilir. Bununla bağlı Ali Məclis Sədrinin Sərəncamı olub və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Bundan irəli gələrək qarşıya qoyulan hədəflərə nail olmaq üçün mühüm tədbirlər həyata keçirilir.
Arıçılığın inkişafı üzrə aparılan tədbirlər öz nəticəsini verib, 2019-cu ilin 1 yanvarında muxtar respublikada 72 min 350 arı ailəsi mövcud olub ki, bu da 2008-ci ilin sonu ilə müqayisədə 2,5 dəfə çoxdur.
Türkiyənin İqdır Universiteti Kənd təsərrüfatı fakültəsinin dosenti Hakkı Akdeniz arıçılığın ən mühüm problemləri, mövcud arı xəstəlikləri haqqında məlumat verib. Vurğulanıb ki, arı xəstəlikləri zamanı kimyəvi dərman preparatlarının vaxtında və düzgün istifadə olunması təqdirdə yüksək keyfiyyətli və saf arıçılıq məhsulları almaq olar.
Arı ailələrinin payız dövründə normal inkişafının qışlamanın keyfiyyətinə və gələcək məhsuldarlığa təsir etməsinin xüsusiyyətləri haqda Azərbaycan Dövlət Pedaqoji Universiteti, biologiya elmləri doktoru, professor Rauf Sultanov məlumat verib.
Sonra konfrans “Arıçılığın müasir vəziyyəti, arıçılıq məhsullarının istehsalı və yem bazası, “Başlıca arı xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzularında bölmə iclasları ilə davam etdirilib.
Konfransın sonunda Türkiyədən və Azərbaycandan gələn arıçı mütəxəssislərə sertifikatlar təqdim olunub.
Sonra muxtar respublikanın arıçılıq təsərrüfatları və emal müəssisələri ilə tanışlıq olub.
Səadət Əliyeva