Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Məhkəmə ekspertizasının aktual məsələləri” mövzusunda Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə praktiki seminar keçirilib.
Seminarda Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov Məhkəmə Ekspertizası Mərkəzində həyata keçirilən ekspertizalar haqqında məlumat verib.
Sonra çıxış edənlər Məhkəmə Ekspertizası Mərkəzinin atəş zalında məhkəmə-ballistik ekspertizası sahəsi üzrə mərkəzdə olan müasir avadanlıqlarla və onların iş prinsipi ilə bağlı məlumat veriblər.
Həmçinin tədbirdə narkotik vasitələrin və psixotrop maddələrin ekspertizasının aparılması zamanı istifadə olunan müasir avadanlıqlar və bütün ekspertiza sahələri üzrə maddi sübutların düzgün qablaşdırılması qaydaları haqqında iştirakçılar məlumatlandırılıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.