YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb - FOTOLAR

A- A A+

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından sonra ideoloji işin təbliği, qurultayda müəyyənləşdirilmiş vəzifələrin partiya üzvlərinə çatdırılması və partiya fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə noyabrın 3-də tədbir keçirilib.

NUHÇIXAN  xəbər verir ki, 8 Noyabr- Zəfər Günü ərəfəsində təşkil edilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının rəhbərliyi və əməkdaşları, Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin rəhbərləri, həmçinin “Ailəm könüllüləri” iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Davamında Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsi sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın bugünkü uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş müstəqillik və suverenlik siyasətinin dayandığını vurğulayıb. Bildirib ki, Ulu Öndərin siyasi və ideoloji irsi əsasında formalaşan Yeni Azərbaycan Partiyası ölkənin vətənpərvər ziyalılarını, gənclərini və dövlətçilik ideyalarına sadiq insanlarını bir araya gətirən mühüm siyasi qüvvəyə çevrilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev partiyanın ölkənin siyasi həyatındakı mühüm rolundan, əldə olunan nailiyyətlərdən və qarşıda duran hədəflərdən bəhs edib. O, partiyanın ideoloji xəttinin, milli dövlətçilik prinsiplərinin qorunmasında və möhkəmləndirilməsindəki əhəmiyyətini vurğulayıb.

Digər çıxış edənlər də Partiyanın VIII Qurultayından sonra qəbul edilmiş mühüm qərarlara, YAP-ın yeni Proqramının əsas hədəflərinə, eləcə də Komitənin fəaliyyətinin partiyanın siyasi prioritetləri ilə uzlaşmasına diqqət çəkiblər.

Tədbir “Ailəm könüllüləri”, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin nümayəndələri, eləcə də Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə müzakirələrlə davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: