Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurumun həyata keçirdiyi reinteqrasiya tədbirləri ilə 953 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Bu barədə NUHÇIXAN-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, bu prosesdə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir. Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir. Ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər keçirilir.

Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparır. Ötən dövrdə 1127 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində, oktyabrın 20-dən noyabrın 20-dək Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasıdır.

Uşaqların ailə mühitində böyümək və yaşamaq hüququ da onların ən mühüm hüquqlarından biridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: