Dünyada əqli sağlamlıq səviyyəsi zəifləyir - 92 ölkədə aparılan sorğunun nəticəsi

A- A A+

Dünyada əqli sağlamlıq və psixoloji rifah səviyyəsi aşağı düşür. Xüsusilə gənclər arasında müşahidə olunan bu tendensiya hətta iqtisadi baxımdan ən inkişaf etmiş ölkələrdə də özünü göstərir.

NUHÇIXAN xəbər verir ki, yeni araşdırmaya görə, gənclər həyat enerjisi, emosional sabitlik və çətinliklərə qarşı dözümlülük baxımından əvvəlki nəsillərlə müqayisədə daha zəif göstəricilərə malikdirlər.

Bu nəticələr 92 ölkədən 50 mindən çox insanın iştirakı ilə aparılan beynəlxalq sorğuda əldə olunub. Tədqiqatın nəticələri “Social Indicators Research” elmi jurnalında dərc edilib.

Kolumbiya Universitetinin Mailman İctimai Səhiyyə Məktəbinin professoru, tədqiqatın müəlliflərindən olan Kai Ruggeri bildirib ki, nəticələr əqli sağlamlıq sahəsində vəziyyətin ciddiliyini göstərir. Onun sözlərinə görə, problem yalnız gənclər və ya maddi çətinlik yaşayan insanlarla məhdudlaşmır, ümumilikdə cəmiyyətin çətinliklərə qarşı müqavimət qabiliyyəti zəifləyir.

Alim hesab edir ki, hökumətlər əqli sağlamlığın yaxşılaşdırılması üçün ümumi təşəbbüslərlə kifayətlənməməli, konkret tədbirlər görməlidir. Xüsusilə süni intellektin əmək bazarına təsiri, iş yerlərinin itirilməsi, gənclər arasında tükənmişlik və gələcəyə inamın azalması kimi problemlərə diqqət yetirilməlidir.

Əsasən onlayn keçirilən sorğuda iştirakçılara əqli sağlamlığın müxtəlif aspektlərini qiymətləndirən 10 sual ünvanlanıb. Suallar özünə hörmət, nikbinlik, emosional sabitlik, həyatın mənası, sosial iştirak, canlılıq və çətinliklərin öhdəsindən gəlmək bacarığını əhatə edib. Bundan əlavə, stres, depressiya, narahatlıq və ümumi həyat məmnuniyyəti də qiymətləndirilib.

Nəticələr göstərib ki, iştirakçılar münasibətlərindən, həyatlarının mənasından, şəxsi bacarıqlarından və özünə hörmətlərindən nisbətən yüksək məmnunluq ifadə edirlər. Bununla belə, nikbinlik, emosional sabitlik və canlılıq kimi göstəricilər daha zəif olub.

Tədqiqatçılar bunu insanların şəxsi həyatlarına müsbət yanaşmalarına baxmayaraq, siyasi və iqtisadi qeyri-sabitlik, gələcəklə bağlı qeyri-müəyyənlik və nəzarətlərindən kənar hadisələr səbəbindən stres yaşaması ilə əlaqələndirirlər.

Araşdırmada sosial-iqtisadi vəziyyətin də psixoloji rifaha təsiri müəyyən edilib. Daha yüksək gəlirə malik olan və işləyən insanlar əqli sağlamlıq baxımından daha yaxşı nəticələr göstəriblər. Təhsil səviyyəsinin yüksəlməsi də daha yüksək rifah göstəriciləri ilə əlaqələndirilib. Eyni zamanda, digər insanlarla birlikdə yaşayanların göstəriciləri tək yaşayanlarla müqayisədə daha yüksək olub. Hibrid iş rejimində çalışanlar isə tamamilə distant işləyənlərdən daha yaxşı nəticələr nümayiş etdiriblər.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də yaşlı insanların bəzi əqli sağlamlıq göstəriciləri üzrə gənclərdən daha yüksək nəticələr əldə etməsidir. Bununla belə, müəlliflər ölkələr üzrə göstəricilərin birbaşa müqayisəsində ehtiyatlı olmağı tövsiyə edirlər. Onların fikrincə, iştirakçıların sorğuda iştirak motivasiyası və sosial mühit kimi amillər nəticələrə təsir göstərə bilər.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, əqli sağlamlığın qorunması yalnız tibbi xidmətlərin yaxşılaşdırılması ilə məhdudlaşmamalıdır. İqtisadi təhlükəsizliyin təmin edilməsi, məşğulluq imkanlarının artırılması, sosial əlaqələrin gücləndirilməsi və insanların gələcəyə inamının bərpası da bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: